İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir.
Newscenter.az-a AYDAA-dan bildirilib ki, ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yolların ümumi uzunluğu 43.5 km-dir. IV teniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol əsasının alt və üst layının tikintisi icra olunur. Artıq sözügedən yolun 10 km-lik hissəsində sadalanan işlər və asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.
Yenidənqurma işləri layihənin 5 km-lik Məmmədli hissəsində də davam edir. Bu hissə üzrə də artıq asfaltlanma işlərinə start verilib. Layihənin Əlyetməzli hissəsində isə hazırda torpaq işləri icra olunur.
Yenidənqurma işləri çərçivəsində yolun Ağamalılar və Məmmədli hissəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması yekunlaşıb, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində isə mövcud avtomobil körpülərinin təmiri davam edir.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Avtomobil yollarının yenidən qurulması 5 yaşayış məntəqəsinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
Sevinc