AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Bursa Uludağ Universitetinin Fən-Ədəbi̇yyat fakültəsinin Fəlsəfə bölümünün və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin birgə təşkilatçılığı ilə Bursa şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib. Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən konfransda Faiq Ələkbərli “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin yeri və rolu” adlı məruzə ilə çıxış edib.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, həmin şöbənin əməkdaşları prof., fəlsəfə elmləri doktoru Əyyub Kərimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova və Sumqayıt Dövlət Universitetinin dosenti Kəmalə Salamova, Elm və Təhsil Nazirlliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidov təqdimatlarla çıxış ediblər.
Azərbaycanlı alimlərin “Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi”, “Azərbaycançılıq ideologiyası”, “Heydər Əliyevin qadın hüquqlarının qorunması siyasəti və qadınlarıın cəmiyyətdə rolunun inkişaf etdirilməsi stratyegiyası”, “Heydər Əliyev siyasətinin gənclərin psixoloji inkişafında təsiri”, “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin rolu” və “Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda məruzləri maraqla qarşılanıb.
Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Bursa Azərbaycan İnavosion ve Dayanışma Dərnəyinin başqanı Lətifə Nağdəliyeva, Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Bursa Uludağ Universitetinin prorektoru, professor Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Əli Mersin, eləcə də Qarabağ qaziləri və azərbaycanlı tələbələr iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bursa Uludağ Universitetinin ULUTEK Texnoparkı ilə də tanış olub.
Anar Əliyev