Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.
Newscenter.az xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıb.
Marafon birincilik uğrunda yarışla yanaşı, həm də iştirakçılarda yaratdığı gözəl əhval-ruhiyyə ilə yaddaqalan olur. İştirakçılar bu il də yarışa böyük marağı, yarışa xüsusi hazırlaşdıqları ilə seçilirdi. Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olub.
Yarışda, eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib.
Marafonda birinci start fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.
“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.