"Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasəti hər zaman humanizm və bu kimi, yüksək ali dəyərlərə söykənib. Bunun nəticəsidir ki, müstəqillik tarixində yüksək hüquqi dövlət quruculuğu prosesi keçmiş ölkəmizdə insan hüquq və azadlıqlarına hörmət, bağışlanma kimi yüksək dəyərlərə istinad hər zaman aktuallığını qoruyub".
Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasəti ölkəmizin hüquqi dövlət quruculuğu prosesində mühüm yerə malikdir:
"Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb ki, Ümummilli Lider tərəfindən imzalanan bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Prezident cənab İlham Əliyev dövlət başçısı kimi bu gün daxil ümumən 37 əfv Sərəncamı imzalayıb".
Anar Əliyev