Nəhayət ki, gözlənilən əfv sərəncamı imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu əfv sərəncamı ilə 801 nəfər əfv edildi. Sərəncamın kifayət qədər geniş kütləni əhatə etməsi bu aktı müstəqillik tariximizin ən böyük əfv sərəncamı kimi tarixə saldı.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov da bu qənaətdədir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır:
"Çoxlu sayda ailələri sevindirən bu Sərəncam humanizm, insanpərvərlik, insan hüquqların daha yaxın qorunması kimi dəyərlər ilə yanaşı sosial baxımdan da vacibdir. Əfv olunmaq həmin vətəndaşlarımızın cəmiyyətə sosial inteqrasiyası və onların öz ailələrinə maddi dəstəyi baxımdan da önəmlidir. Xüsusən də ailə üzvünün məhkumluq həyatına görə sosial vəziyyəti pisləşmiş ailələr üçün bu xüsusi dəstək kimi xarakterizə oluba bilər".
Millət vəkili əmin olduğunu bildirib ki, əfv olunan vətəndaşlarımız üçün bundan sonra qanunun aliliyini qorumaq, cəmiyyətə re-inteqrasiya olunmaq və öz ailəsinə və dövlətinə dəstək nümayiş etdirmək əsas hədəf olacaq.
Anar Əliyev