Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıncdaroğlunun bütün çıxışları populizm üzərində qurulub

Kılıncdaroğlunun bütün çıxışları populizm üzərində qurulub


14 mayda Türkiyədə baş tutacaq prezident və parlament seçkilərinə saylı günlər qalır. Qardaş ölkədə baş verənlər, hakimiyyətə iddialı əsas namizədlərin gələcəyə hesablanmış proqramları, Azərbaycan xalqı tərəfindən yaxından izlənilir. Bilavasitə iştirak etməsək də, “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, soyuqqanlı olmağımız qeyri-mümkündür.

Mövzudan yayınaraq, bir məsələni vurğulamaq istərdim. SSRİ-nin dağılmasından sonra baş verən proseslər, torpaqlarımızın işğalı, iki Qarabağ müharibəsi, 35 illik danışıqlar və informasiya bolluğu sayəsində Azərbaycan cəmiyyəti kifayət qədər siyasiləşmiş, dostunu düşməndən, yalanı doğrudan ayırmağı bacaran cəmiyyətdir. Ona görə də, əsrlərin sınağından çıxmış, özünün şərəfli dövrünü yaşayan Türkiyə və Azərbaycan münasibətlərinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi tarixi zərurətdir. Söhbət Türkiyə Azərbaycan münasibətləri ilə yanaşı, bütövlükdə Türk dünyasının gələcəyindən gedir.

44 günlük müharibənin yaratdığı reallıqların biri də odur ki, Mərkəzi Asiya Türk dövlətlərində milli oyanış, özünə inam hissi güclənmişdir. Qısa müddət ərzində türkdilli ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, hərbi əməkdaşlıq görünməmiş həddə çatmışdır. Avropa ilə Asiya arasında ən optimal nəqliyyat-logistika imkanlarına malik, strateji coğrafiyada yerləşən Türk dünyası, zəngin təbii resursları, insan kapitalı ilə, qlobal hərbi-siyasi-iqtsadi-maliyyə mərkəzinə çevrilə bilər. Əminəm ki, uzun illərdən bəri müxtəlif imperiyaların “parçala, hökm sür” siyasətinə son qoyulacaq və yaxın gələcəkdə Türk Dövlətləri Birliyi, beynəlxalq münasibətlər sistemində özünə məxsus layiqli yerini tutacaqdır.

Qayıdaq 14 may seçkilərinə.

Bu gün sosial şəbəkələrdə, təsadüfən 6-lı masanın, (əslində 7-li masanın) namizədi Kamal Kılıncdaroğlunun növbəti videomüraciətinə rast gəldim. Əslində bəzi etik normalara görə, namizədlərin çıxışlarını şərh etmək istəmirdim. Ancaq, düşünürəm ki, hörmətli Kamal bəyin bu çıxışına reaksiya verməmək qətiyyən doğru olmazdı. Dahi filosof Sokratın bir fikri var: “Danış, deyim sən kimsən”.

Kılıncdaroğlu, “Qərb, Şərq” mövzusunda özünün ən böyük layihəsini elan etdi və danışdıqca dövlət idarəetmə sistemini, müasir dünyanın geosiyasi reallıqlarını, qlobal çağırışlarını dərk etməyən, əyalət təfəkkürlü siyasətçi təsəvvürü bağışladı. Uzun illər ərzində Türkiyənin daxili və xarici siyasətini, siyasi isteblişmentin fəaliyyətini yaxından izləyən biri kimi, qeyd edə bilərəm ki, Şərq mövzusunda CHP başqanı ilk dəfədir ki, danışır. Hər zaman özünü Qərbyönümlü siyasətçi kimi göstərən bu şəxs, tarixi İpək Yolunun bərpasından, 5 500 km, yol çəkilişindən, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın İran vasitəsilə Qara dənizə çıxış əldə etməsindən, Türküstan məsələsində Çinə təzyiq göstərməsindən danışarkən, problemlərdən nə qədər uzaq olduğunu göstərdi. Diqqətinizə çatdırım ki, “Tarixi İpək Yolunun” bərpası ilə bağlı 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirilmişdir. Son illər Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət nəticəsində Orta Xətt marşrutu günü-gündən fəaliyyətini genişləndirir. Yəni, Kılıncdaroğlunun sadaladığı işlər 90-cı illərdən bəri aparılır. Ancaq, burada son dərəcə ciddi rəqabət mövcuddur və əsas problemlərdən biri, bəyin istinad etdiyi cənub qonşumuz İrandır. Bu ölkə, artıq 23 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə problem yaradır. Eyni zamanda Orta Xətt marşrutuna, Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxır. Avropaya yüklərin Azərbaycan vasitəsilə yox, İran-Ermənistan ərazisindən daşınması üçün Çinlə danışıqlar aparır.

Əlində primitiv xəritə tutan bəy Kamalın təbirincə, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın Qara dənizə çıxışı üçün ən yaxın yol İrandan keçir. Qırğızıstanın və Azərbaycanın adını ümumiyyətlə çəkmir. (Yəqin, türkdilli olmağımızdan xəbəri yoxdur). Görünür hörmətli bəy və məsləhətçiləri, türk dünyasının inteqrasiyası istiqamətində aparılan işlər barədə məlumatsızdırlar. Yaxud, məqsədyönlü şəkildə, böyük zəhmət hesabına yaradılmış işlək mexanizmi dağıtmaq barədə tapşırıq almışlar. Böyük siyasətdə, belə taleyüklü, dövlət əhəmiyyətli strateji məsələlərdə sadəlövhlük etmək olmaz.

Kılıncdaroğlunun bütün çıxışları populizm üzərində qurulmuşdur. Daha əvvəl Türkiyəyə 300 milyard dollar, ən müasir pilotsuz uçuş aparatları istehsal edən xarici şirkətləri gətirəcəyini elan edir. (Yeri gəlmişkən, Qərb ölkələri son bir ildən çox müddətdə müharibə aparan Ukraynaya cəmi 150, 5 milyard dollar maliyyə yardımı göstərmişlər. İndiki halda Türkiyəyə belə bir vəsaitin ayrılması qeyri-realdır).

Ümumiyyətlə, bəy Kamal hər gün, hər kəsə nəsə paylayır. Məclisə düşə bilməyən kiçik partiyalara prezident yardımçıları, nazir, vəzifələrini, millət vəkili kreslolarını hədiyyə edir. Dövlət büdcəsindən maliyyələşənlərə, pensiyaçılara işləyənlərə, işləməyənlərə ən yüksək maaşlar vəd edir.

Təhlükəli məqamlardan biri də, əli 40 minədək türk vətəndaşının qanına batmış Abdullah Öcalanın, Rusiyaya məxsus təyyarə vurulduqdan sonra Moskvaya səfər edərək Lavrodan raketlər istəyən Səlahəddin Dəmirtaşın, Gəzi olaylarının təşkilatçısı, Türkiyəni saxta erməni ,,soyqırımını,, tanımağa çağıran Osman Kavalanın, Fetoçuların həbsxanadan azad olacaqlarını bəyan etməsidir. Digər tərəfdən, İraqda, Suriyada, Afrikanın şimalında, liviyada, Çərqi Aralıq dənizində, Qafqaz siyasətində planlaşdırdıqları siyasət çirkin niyyətlərdən xəbər verir.

Məsələnin kökündə isə, Ərdoğan hakimiyyətində Türkiyənin misli görünməmiş inkişafını, hərbi gücünü, müstəqil siyasətini həzm edə bilməyən xarici himayədarların dəst-xətti açıq görünür. Türkiyənin iqtisadi cəhətdən çökdürülməsinə hesablanmış siyasətin müəllifləri, nəyin bahasına olursa olsun, Ərdoğan iqtidarının məğlub olmasına çalışırlar. Əfsuslar olsun ki, Türkiyə tarixində, ən böyük nəticə çıxarılmalı, aldadılmış və faciəli sonluqla bitmiş Adnan Menderes nümunəsi var. Mustafa Kamal Atatürkdən sonra mütəmadi olaraq hərbi çevrilişlər, hökumət dəyişiklikləri baş vermişdir.

Bu dəfəki seçkilərin nəticələrindən təkcə Türkiyənin deyil, bütövlükdə türk dünyasının, müəyyən mənada İslam dünyasının gələcək taleyi asılıdır. Kılıncdaroğlunun vəzifəyə gəlmək üçün yalanlar uydurması, xalqı çaşdırması narahat edicidir. Təhlükəli haldır. Təbii ki, son söz Türk xalqınındır. Kimə səs verəcəksə, hörmətlə yanaşacağıq.

Ancaq, subyektiv fikrimdir, üzürlü hesab edin, bəy Kamalın əsnaf düşüncəsi ilə, liderlik ambisiyaları uzlaşmır.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş