"Paşinyan hakimiyyəti üçün təhlükənin hər zaman olması gündəmdə olub".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Rusiya dövlətinin aqressiv və terrorçu mahiyyəti Paşinyan hakimiyyətinin varlığına təhlükə olub:
"Amma Paşinyan bu təhlükə amilindən məharətlə istifadə edib. Vacib qərarlar alınması məqamında Rusiyanın mövqeyini dəstəkləməklə bu "təhlükəni" əsas gətirib. İrəvan küçələrində rahat şəkildə yürüş etməklə kimsədən çəkinmədiyini göstərməklə yanaşı, mühafizəsini də dəfələrlə gücləndirməyi unutmayıb".
BAXCP rəsmisi deyib ki, Paşinyanın yürütdüyü siyasəti "iki stulda oturmağa çalışmaq" adlandırsalar da, Paşinyan bundan vaxt qazanmaq üçün istifadə etdiyi şübhəsizdir:
"Həm Qərbin, həm Rusiyanın yanında olduğunun mesajını verməklə Paşinyan öz hakimiyyətinin ömrünü uzatmağa çalışır".
Mehman Mehdiyev