“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu gün imzaladığı əfv sərəncamı ilə bir daha humanizm prinsiplərinə sadiq qaldığını, hər bir ölkə vətəndaşının taleyini düşündüyünü sübuta yetirdi. Dövlət başçısı imzaladığı əfv sərəncamı ilə 801 ailədə minlərlə insanın üzündə sevinc, yaşamaq hissi yaratdı”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, əfv sərəncamının ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində imzalanması da xüsusi önəm kəsb edir: “Bu həm də ümummilli liderin humanizm ənənələrinin davamıdır deyə bilərik”.
İctimai Birlik sədri qeyd edib ki, dövlət başçısının imzaladığı əfv sərəncamı müstəqillik tarixinin ən böyük və geniş əfv aktıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 801 nəfər əfv olunub.
Anar Əliyev