"Mayın 14-də yenidən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel platformasında Ermənistan və Azərbaycan arasında hökumət başçıları səviyyəsində görüş nəzərdə tutulur. Bu görüş Vaşinqton görüşünün davamı kimi qəbul edilə bilər. Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçirilən dörd günlük görüş, Brüssel platformasında keçirilməsi nəzərdə tutulan hökumət başçılarının görüşünə hazırlıq məqsədi daşıyırdı".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ermənistan tərəfinin verdiyi bəyanatlarından məlum olur ki, onlar Vaşinqtonda və 14 mayda Brüsseldə keçiriləcək görüşə bir o qədər maraqlı deyillər:
"Ermənistan hökuməti ümid edərək əsasən iyunun 1-də Moldovanın Kişinyov şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində, Fransa prezidenti Makronun və Almaniya kansleri Şoltsun da qatılacağı görüşə hazırlaşırlar. Vaşinqtonda əldə olunan razılaşmalarda həmçinin görüşlərin tez-tez keçirilməsi də öz əksini tapıb. Görüşlərin davam edərək intensiv hal alması yaxşı hal kimi qəbul edilə bilər. Amma biz, Ermənistan tərəfinin keçirilən görüşlərdən əldə olunan nəticələrə riayət edilməsi istiqamətində müsbət addım atmasını heç zaman görmədiyimiz kimi yenə də gözləməməliyik. Çünki, Azərbaycan hökumətinin son üç ildə apardığı siyasətə nəzər salsaq görərik ki, Ermənistanla sərhəddə bütün əməliyyatlar məhz Azərbaycanın öz iradəsini və haqlı tərəf olduğunu təcəssüm edir. Aldığımız nəticələr Azərbaycanın gücünün və qətiyyətinin məhsuludur, desək yanılmarıq. Doğrudur, bütün beynəlxalq platformalarda keçirilən görüşlər qayda olaraq lazımdır. Bunun üçün də Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da əldə edilən razılaşmalara və beynəlxalq hüquqa əsaslanacaq və öz ərazi bütövlüyünü bərpa etmək, qoruyub saxlamaq üçün tədbirlərini davam edəcəkdir. Bunun üçün bütün beynəlxalq platformalarda iştirak etməyimiz təqdirəlayiqdir və məqbuldur".
Anar Əliyev