Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev tarixin yüz ildən bir yetişdirdiyi böyük siyasət nəhənglərindən biridir

Heydər Əliyev tarixin yüz ildən bir yetişdirdiyi böyük siyasət nəhənglərindən biridir


Böyük siyasət dühası Heydər Əliyevin anadan olmasından 100 il ötür. Biz həmişə olduğu kimi bu gün də onu böyük minnətdarlıq, şükranlıq hissilə xatırlayırıq. Çünki Ulu Öndər dövlətçiliyimizi xilas edən, müstəqilliyimizi qoruyub saxlayan müqtədir şəxsiyyətdir. Bu bir mübahisəolunmaz həqiqətdir ki, əgər Heydər Əliyev olmasaydı, 1993-cü ildə gənc müstəqil Azərbaycan dövləti ya parçalanacaqdı, yadaki eynilə bugünkü Ermənistan dövləti kimi hansısa böyük güclərin vassalına çevriləcəkdi. Lakin Heydər Əliyev böyük siyasi təcrübəsi sayəsində belə bir qorxunc ssenarinin qarşısını aldı. Bu mənada, Heydər Əliyevi tam əminliklə Böyük Xilaskar adlandıra bilərik.

Heydər Əliyev tarixin yüz ildən bir yetişdirdiyi böyük siyasət nəhənglərindən, dahi şəxsiyyətlərdən biridir. Onun bütün qərarları milli maraqlarımıza və dövlətçilik ənənələrimizə söykənirdi. Ulu Öndər öz dövrünün nadir siyasətçilərindən, dövlət xadimlərindən biri idi ki, həm sovetlər dönəmində, həm də müstəqilliyin ilk illərində üzərinə düşən tarixi missiyanı yüksək ləyaqətlə yerinə yetirib, xalqımızın ağır məqamlarında əlindən gələni edib, müstəqilliyimizə qarşı yönələn təhdidlərin qarşısını müvəffəqiyyətlə alıb, ölkəmizin təhlükəsizliyini və inkişafını təmin etməyi bacarıb.
Heydər Əliyev milli dövlətçiliyimizi qoruyub saxlamaqla yanaşı, həm də dünya azərbaycanlılarının həmrəyliyi üçün də böyük işlər görüb. Onun Azərbaycançılıq məfkurəsi və "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kimi qürur dolu kəlamı dünyadakı bütün azərbaycanlıları vahid mövqe, ümumi hədəf ətrafında birləşdirən güclü milli ideologiyaya çevrilib.

Ulu Öndər həmçinin "Bir millət, iki dövlət" anlayışını gündəmə gətirməklə həm Azərbaycan və Türkiyənin birliyi üçün, həm də bütün Türk dünyasının gələcək həmrəyliyi üçün böyük zəmin yaradıb. Ona görə də biz bu gün birmənalı surətdə deyə bilərik ki, Heydər Əliyev milli həmrəylik simvolu idi.

Heydər Əliyev tam zamanında və məqamında doğulmuş bir tarixi şəxsiyyət idi. Ona görə də Azərbaycanın ayaqda qalması və güclənməsi üçün göstərdiyi misilsiz xidmətləri ilə əsrə damğasını vuran böyük siyasətçi kimi ən yeni tariximizdə iz qoydu. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş