Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyev olmuşdur. Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.
Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
Sovet Azərbaycanı dövründə 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır.1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq o vaxtkı Azərbaycan rəhbərliyi onu da ona çox görmüşdür. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır.
Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır.- Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq.Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.
Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Bir qərinəyə yaxın erməni işğalı altında qalan Qarabağımız qırx dörd günlük Vətən müharibəsi nəticəsində azad olundu. Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və icimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Şuşa möhtəşəm zəfərin təntənəsidir. Qarabağda aparılan sürətli yenidənqurma işləri Azərbaycanın dayanıqlı iqtisadi potensialını göstərir. Prezident İlham Əliyev azad olunan ərazilərdə həyata keçirdiyi quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ulu Öndər Qarabağı böyük coşqu ilə sevirdi. Ümummili lider Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilirdi və onu böyük coşqu ilə hər yerdə tərənnüm etdirirdi. Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq.Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan Prezident İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün bu gün də əzmkarlıqla çalışır. Günümüzün reallıqlarından görünən budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Azərbaycan Prezidenti hər bir çıxışında, müsahibəsində, keçirdiyi görüşlərdə ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib lider kimi çıxış edir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir.
Günel Cəfərova - Bərdə Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi