Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Şuşadan xalqa müraciəti böyük rəmzi məna daşıyır

Prezidentin Şuşadan xalqa müraciəti böyük rəmzi məna daşıyır


Bir neçə gün əvvəl mayın 10-da Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü Şuşa şəhərində müraciətlə çıxış etdi. Bu müraciətin məhz Heydər Əliyevin doğum günündə edilməsi böyük rəmzi mənaya malikdir. Çünki bütün Azərbaycanın 100 illik yubileyini qeyd etdiyi Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə “Heydər Əliyev ili” çərçivəsində bir çox tədbirlər keçirilib və keçiriləcək. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
44 günlük Vətən müharibəsində qələbəmizdən danışan dövlət başçımız qeyd etdi ki, Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi.

Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışan dövlət başçısı diqqətə çatdırdı ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. O, Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarıb. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşıb. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.
Ölkə başçısı bildirdi ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı. Onun 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırdı. O, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltdı, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləyərək bu qırğınla bağlı dünyaya bəyanat verdi.

O dövrdə Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçdi və onun Moskvada qalması artıq mümkün olmadı. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəldi və burada da təzyiqlərlə üzləşərək, Naxçıvana getdi və orada yaşamağa başladı. Ulu Öndər Heydər Əliyevin orada olması Naxçıvanı işğaldan qorudu. Heydər Əliyev o vaxt ağır günlər keçirən, tam blokadada olan Naxçıvanı qorudu və inkişaf etdirdi. Naxçıvanda xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarıldı. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxdı və faktiki olaraq Azərbaycanın müstəqilliyə gedən yolu Naxçıvandan başladı.

Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yarandı və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və bu gün də belədir.

Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha sübut etdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçiləndən dərhal sonra ciddi islahatlara başladı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi, beynəlxalq təcridə son qoyuldu, böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etdilər.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” isə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi oldu. “Əsrin kontraktı” imzalanandan qısa müddət sonra Azərbaycanda dövlət çevrilişinə cəhdlər edildi. Ulu Öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdlərin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular.
1996-cı ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yarandı. O vaxtdan bu günə qədər biz sabitliyi qoruyuruq.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətlərindən danışan Prezident İlham Əliyev onun milli-mənəvi dəyərlərin, Azərbaycan dilinin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, ordu quruculuğu sahəsində, keçmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında gördüyü işləri xüsusi qeyd etdi.

Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu. Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu illər ərzində Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib.
Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxındır ki, ölkəmiz rəhbərlik edir. Azərbaycan Avropa üçün də çox önəmli ölkəyə çevrilib. Azərbaycan Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşdır. Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artıb.
Dövlət başçısı Şuşadan etdiyi müraciətdə Azərbaycana qərəzli münasibət bəsləyən bəzi qüvvələrə də mesaj verdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.

Cənab Prezident Azərbaycanda yüksək texnologiyaların inkişafı, milli-mənəvi dəyərlərimizə bağlı olan müasir gənc nəslin uzun illər ərzində işğal altında olan torpaqları və Şuşa kimi alınmaz qalanı azad etməsi, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu məsələləri barədə də fikirlərini bildirdi. Ölkə başçısı qeyd etdi ki, bu qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə yaşayacaq bir qəhrəmanlıq dastanıdır. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.

Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş