Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın uduzması Türkiyəyə yaxşı heç nə vəd etmir

Ərdoğanın uduzması Türkiyəyə yaxşı heç nə vəd etmir


Türkiyənin bu gün daxil olduğu seçki prosesi məhəlli və regional olmayıb, qlobal mübarizənin, beynəlxalq müstəvidə hesablaşma və dünyanın yenidən bölüşdürülməsi kimi təsvir edilməsi mümkün olan nəhəng hadisənin ayrılmaz üzvi hissəsidir.

Bu mübarizə, əslində böyüyən və güclənən, həm daxildə, həm də xaricdə "öz göbəyini özü kəsən" Türkiyəni Anadolu yaylasına köləcəsinə qaytarmaq, onu kənar buyruqları acizliklə yerinə yetirən tərəfə çevirmək istəyən qüvvələrlə Ərdoğan və ona ümid bəsləyən tərəflər arasında gedir.

Qərb öz qarşısında müti Şərq görmək istəyir. Qərbin qloballaşmanı və beynəlxalq konyunkturanın konturlarını cızan siyasi və militarist dairələri bugün Şərqin müstəqil siyasi fiqura, mərkəzə çevrilməsini istəmir; bu təfəkkür şərq ölkələrinin boyunduruq altında qalmasında maraqlıdır. Qardaş Türkiyə cənab Ərdoğanın dövründə kifayət qədər müstəqilləşən və regional proseslərə istiqamət verən tərəf halına gəlmişdir.

Qərbdə yaxşı bilirlər ki, Şərq ölkələrində stabillik və inkişaf sistemlə deyil, fərdlərin avtoritetliyi və nüfuzu ilə şərtlənir. "Osmanlını dağıtmaq üçün ordunu məğlub etmə, Sultanı öldür" tezisinin müəllifi Makiavelli bir qərbli idi; bu gün də bu tezis öz qüvvəsini itirməyib. Məhz bu səbəbdən Lenin çarı güllələtməklə Rusiyanı, Mustafa Kamal da Osmanlı xanədanını sürgünə göndərməklə Türkiyəni istədiyi kimi dəyişdirib formalaşdırmağı bacarmışdı. Çar və Sultan Şərq Rusiyası və Türkiyəsində mövcud konyunkturanın "arxe"si idilər... XXI əsrin Türkiyəsində arxe sayılacaq fiqur Ərdoğandır...

Şərqdə stabillik və sabitliyi, uzun tarixi təcrübədən də göründüyü kimi, sistem deyil, sistemin başında duran fərd təmin edir. Nə vaxt ki Şərqdə, o cümlədən bizdə hakimiyyət boşluğu və zəifliyi özünü göstərir, ölkə ya nə isə itirir, ya da böyük qüvvələrə "nədə isə" güzəştə gedir, "nədə isə" imtiyaz tanıyır. Bu vəziyyəti "zəiflət, hərc-mərclik çıxart, çəkişməni gücləndir, daha sonra istədiyini "qopart" sözləri ilə xülasə etmək mümkündür...

Heç kimə sirr deyil ki, Türkiyədəki son 20 ilin keyfiyyət dəyişiklikləri cənab Ərdoğanın məqsədyönlü və uzaqgörən fəaliyyətinin, qlobal düşünən beyninin səmərəsidir. Qlobal düşünən beyinlə yanaşı, xarizmatik kimlik, qətiyyətli xarakter, mərkəzi hakimiyyətin möhkəmlənməsinin əhəmiyyətini yaxşı başa düşən təcrübə Ərdoğan adlanan uğurun kökündə yatan faktorlardır. Ərdoğan praqmatik və oynamağı sevən fiqurdur. Yerini möhkəmlətmək üçün başlanğıcda hər kəslə əməkdaşlıq etmiş, hər kəsə özünü “onların adamı” kimi göstərməyi bacarmışdır. Bunları etməsəydi, çoxdan göndərmişdilər Ərdoğanı...

Seçkidə Ərdoğanın qalib gəlməsi lazımdır. Bu mərhələdə Ərdoğanın uduzması nə bizə, nə də Türkiyənin özünə yaxşı heç nə vəd etmir...

Bizə yaxşı heç nə vəd etmir, çünki Qərbin dəstək verdiyi Türkiyə müxalifətinin bizə haqq mübarizəmizdə lazımi dəstəyi verəcəyi kifayət qədər müəmmalıdır. Cənab Ərdoğan və komandası qədər bizə 44 gün ərzində dəstək verən kimsə olmamışdır. Cənab Ərdoğan və komandası açıq şəkildə bizə sahədə və diplomatiyada dəstək verəcəklərini bəyan edirdilər. Şuşa Bəyannaməsi müharibədən sonra bu dəstəyin kəsilməzliyinin göstəricisi idi.

Türkiyənin özünə də yaxşı şey bəxş etmir. Türkiyəni regionda söz sahibi edən ordunun silahla təchizat sarıdan kənardan asılılığını azaldan layihələri davam etdirməyi, ölkənin inkişafını istəməyən xarici qüvvələrlə mübarizəni ölkə hüdudlarından çölə çəkməyi məqsəd güdən "baza əsaslı genişlənmə" və "bufer zona - qurşaq yaratma" siyasi xəttinə sadiq qalmağı cənab Ərdoğandan sonra hakimiyyətə gələcək müxalifət öz prioritetlərindən hesab edəcəkmi? Heç sanmıram... İpin kimin əlindədirsə, teatr ssenarisini də o yazacaq...

Rusiya, İran və Çinlə yanaşı, Türkiyə də Qərbə qarşı "müstəqil mərkəz olmaq mübarizəsi"nin aktyorlarından biridir. Türkiyənin bu mübarizədə məğlub olmağı, xüsusən Müsəlman şərqinin hələ çox illər Qərbdən asılılığının davam edəcəyini göstərən hadisə olacaqdır.

Allah qardaş Türkiyəmizə, Cənab Ərdoğana kömək olsun! Ölkəmizdə isə isə Ərdoğanın Azərbaycanımıza verdiyi dəstəyi görməyib, onun yıxılmağı üçün iş aparan qərbpərəstlərə, din düşmənlərinə fürsət verməsin!
P.S. Ərdoğan da bəşərdir, səhvləri, günahları vardır, amma Ərdoğan Türkiyənin növbəti yüz ili üçün, ümmət müstəvisində, Azərbaycanın haqq mübarizəsində böyük işlər görmüş, qlobal layihələri həyata keçirmiş bəşərdir...

Elvusal Məmmədov-AMEA əməkdaşı
Xəbəri paylaş