Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan iqtidarı və müxalifəti alət rolunu qəbul edir

Ermənistan iqtidarı və müxalifəti alət rolunu qəbul edir


Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş dünyanın diqqət mərkəzində olan mühüm siyasi-diplomatik hadisələrdən biridir. Çünki bu görüşdə əgər belə demək mümkünsə, sülhün taleyi həll olunur. Lakin belə bir həlledici görüş ərəfəsində Ermənistanın sərhəddə təxribatlar törətməsi dərin təəssüf hissi doğurur. Çünki növbəti erməni sərsəmliyinin nəticəsində hər iki tərəf canlı itki verdi və sülhə aparan yol bir az da çətinləşdi.

Bu təxribatlar nəyə hesablanıb, kimin işinə yarayır, Ermənistan bununla nəyə nail olmaq istəyir və Ermənistanı kim qızışdırır, bu sualların cavabları əslində hər kəsə aydındır. Lakin bütün hallarda Ermənistanin bu təxribatlarla nəyəsə nail olacağına ümid bəsləməsi məntiqsizdir. İrəvan məhz təxribatların köməyilə Brüsselə əlini gücləndirmiş şəkildə gedə bilməz. Paşinyan buna ümid bəsləyirsə, ciddi şəkildə yanılır.

Sərhəd təxribatları ilə Paşinyanın əlini gücləndirməsi və Azərbaycanı hansısa kompromislərə, güzəştlərə məcbur etməsi qeyri-mümkündür. Əksinə, Ermənistan görüş öncəsi bu cür təxribatlara yol verməklə onsuz da kövrək olan vəziyyəti biraz da mürəkkəbləşdirir və yeni hərbi eskalasiyaya zəmin yaratmaqla bölgədə geosiyasi maraqları olan güclərin əlinə oynayır. Fransa, İran kimi ölkələrin istədikləri də elə budur. Bölgədə gərginliyin davam etməsi Rusiyanın da maraqlarına uyğundur.

Fransanın Ermənistanı bir sıra dağıdıcı silahlarla təchiz etməsi, İranin isə Ermənistana birbaşa və ya üçüncü ölkələrin vasitəsilə kəşfiyyat və zərbə dronları ötürməsi bir tərəfdən təcavüzkar Ermənistanı daha da qızışdırır, onu tez-tez atəşkəsi pozmağa təhrik edir, digər tərəfdən isə onlar Ermənistanın sülh istəməməsindən və sülhə hazır olmamasından öz geosiyasi maraqları üçün istifadə edirlər. Ermənistanın sülh danışıqlarını pozmağa hesablanmış addımları bu dövlətlərin işinə yarayır. Ermənistan onlar üçün alət rolunu oynayır.

Ən pisi də budur ki, Ermənistan iqtidarı da, müxalifəti də alət rolunu qəbul edir. Bu isə bütün hallarda sonda Ermənistanın özünün uduzmasına gətirib çıxaracaq. Vaşinqton görüşündən sonra Brüssel görüşü də nəticəsiz bitərsə, bunun günahı bilavasitə Ermənistanın üzərinə düşəcək. Elə son təxribatlar da öncədən məhz ona hesablanıb ki, Brüssel görüşü də nəticəsiz bitsin, tərəflər arasında sülh sazişi imzalanmasın.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş