Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Ərəb Parlamentinin sədri ilə görüşüb

Sahibə Qafarova Ərəb Parlamentinin sədri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova mayın 14-də ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Bu barədə Newscenter.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, may ayının 16-da keçiriləcək və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası haqqında məlumat verib. O, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və memarı Ulu Öndər Heydər Əliyevin bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etdiyini, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan Heydər Əliyev siyasətinə və ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirir.

Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini bildirən Milli Məclisin sədri, qeyd edib ki, ölkəmizin Ərəb ölkələri ilə münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu münasibətlər hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Spiker, Azərbaycan Respublikası Milli Məclisinin Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti ilə əməkdaşlığın inkişaf etdirilməsində xüsusilə maraqlı olduğunu qeyd edib. O, Adel bin Abdul Rahman Əl-Asumi ilə 2021-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərində, cari ilin fevral ayında Misirin paytaxtı Qahirə şəhərində keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, Ərəb Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını, bu sənədin əlaqələrimizin institusionallaşması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Sahibə Qafarova Ərəb Parlamentinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə müşahidəçi statusunun verilməsi barədə qərarını yüksək qiymətləndirib və əmin olduğunu ifadə edib ki, bu qərar iki təşkilat arasında əməkdaşlığın inkişafına təkan verəcək.

Görüşdə spiker Sahibə Qafarova, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə də geniş məlumat verib. Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif edib. Sülh sazişinin imzalanması regionda sülh, sabitlik və firavanlığa nail olmağın yeganə yoludur.

Səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi, tədbirin əhəmiyyəti barədə fikirlərini bildirib. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycan Milli Məclisi ilə əlaqələrə əhəmiyyət verdiyini, Ərəb Parlamentinə üzv dövlətlərin Azərbaycanla uğurlu əlaqələrə malik olduğunu qeyd edib. Qonaq, həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib. Adel Əl-Asumi ölkəmizin təşəbbüsü ilə yaradılan təşkilatın Parlament Şəbəkəsinin qısa vaxtda böyük işlər gördüyünü diqqətə çatdırıb və qeyd edib ki, bu, Azərbaycanın uğurlu parlament diplomatiyasının göstəricisidir. O, Ərəb Parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Ərəb Parlamentinin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin həm Madriddə keçirilən təsis yığıncağında, həm də Bəhreyndə təşkil olunan ikinci konfransında iştirakını xatırladaraq deyib ki, hər iki tədbir yüksək səviyyədə təşkil olunub.

Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edən Ərəb Parlamentinin sədri, paytaxt Bakı şəhərinin və ölkəmizin hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bildirib və əlavə edib ki, əldə olunan nailiyyətlər Azərbaycan hökumətinin uğurlu fəaliyyətini təsdiq edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Arzu Abdulova
Xəbəri paylaş