"Ötən gün baş tutan növbəti Brüssel görüşünü sülh prosesində irəliyə atılan addım kimi dəyərləndirmək olar. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatından da aydın oldu ki, Ermənistan bu dəfə də əsassız iddialarını qəbul etdirə bilməyib. Belə ki, danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edib, lakin bu ifadə qəbul olunmayıb. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Almatı bəyannaməsinə istinad yer alır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə, Ermənistan Azərbaycanın ən azı 86,6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyır:
"Bu dəfəki görüşün ən vacib tərəflərindən biri Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük Qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini təsdiqləyir".
Deputat qeyd edib ki, Şarl Mişelin bəyanatında yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”ndən, Bakının bu qrup insanlarla açıq dialoqundan bəhs olunur. Burada heç bir statusdan, beynəlxalq mexanizmlərdən söhbət gedə bilməz:
"Görüşdə Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır.
Danışıqlar zamanı Bakı Azərbaycan ərazilərinin minalanması və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi mövzusunu fəal şəkildə qaldırıb və bu məsələ ilə bağlı dialoq davam etdiriləcək. Beləliklə, Parisin də prosesə qoşulmasına can atan Paşinyan üçlü formata qayıtmağa məcbur oldu. Çünki Azərbaycan Fransanın prosesdə iştirakına qəti şəkildə imkan vermədi".
Könül Nurullayeva onu da diqqətə çatdırıb ki, Аzərbaycan Brussel formatından da, Aİ ilə münasibətlərin vəziyyətindən də razıdır, buna mane olan yalnız Fransa idi və indi bunun qarşısı alındı. Şarl Mişel isə daha çox dialoqa dəstək verən tərəfdir:
"Ümumiyyətlə, son vaxtlar Fransanın Aİ daxilində nüfuzu zəifləyib. Bu ilin iyununda Kişinyovda gözlənilən Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü isə format deyil, orada keçiriləcək samit çərçivəsində adi qeyri-rəsmi görüş olacaq. Orada beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniyanın da iştirakı Makaronu neytrallaşdıracaq. Çünki Berlin də Fransanın lazımsız müdaxilələrinin sülh prosesinin əleyhinə olduğunu anlayır".
Ruhiyyə