Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borel ilə görüşüb.
Newscenter.az XİN-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər.
Görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilə aparılması baxımından əhəmiyyətini vurğulayıblar. Nazir iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb. Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mehman Mehdiyev