Türkiyədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyi artıq rəsmən təsdiqləndi. Ölkənin Yüksək Seçki Qurumunun açıqlamasına görə, seçkilərin ikinci turu may ayının 28-də baş tutacaq. Birinci turun kifayət qədər gərgin mübarizə şəraitində keçdiyinə diqqət çəkən analitiklər 28 may seçkilərində kimin qələbə qazanacağı barədə müxtəlif ehtimallar səsləndirirlər.
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şükürlü hesab edir ki, 28 may seçkilərinin qalibi Rəcəb Tayyib Ərdoğan olacaq. Onun sözlərinə görə, seçkilərin ilk turunun nəticələrinin təhlili göstərir ki, rəqibləri üzərində psixoloji üstünlük artıq tam şəkildə Rəcəb Tayyib Ərdoğandadır :
"Birinci turun nəticələrinə əsasən, üçüncü yerə çıxmış Sinan Oğan hətta gələcəkdə Kılıcdaroğluyla gedib birləşsə belə, Ərdoğan FETÖ-nün şantajıyla seçkidən çəkilmiş Məhərrəm İncəni yanına almaqla, 28 mayda qələbəsini tam təmin etmiş olacaq. Hər halda, qarşıdakı 2 həftə kimin daha uzaqgörən, ağıllı gedişlər sahibi olduğunu da müəyyənləşdirəcək".
Elxan Şükürlü "14 may seçkiləri o gerçəyi ortaya qoydu ki, Türkiyə dövləti və cəmiyyəti demokratik seçkilərin keçirilməsində ABŞ-dan və Avropa ölkələrinin əksəriyyətindən daha öndədir, daha yetkindir", deyə fikirlərini tamamlayıb.
Anar Əliyev