Qardaş Türkiyədə tarixi günə və tarixi hadisəyə şahidlik etdik. Bu ölkədə keçirilən prezident və parlament seçkilərində səsvermə başa çatdı və bu saata olan məlumata görə, seçki qutularının 99,86%-i açılıb. Ölkə xaricindəki səsvermədə də, ümumi nəticələrə görə də Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan liderliyini qoruyub saxlayır. Ümid edək ki, tam və qəti qələbəni də məhz hazırkı prezident qazanacaq.
Bu seçkilər sadəcə sıradan bir seçki marafonu deyildi. 14 may seçkiləri sözün bütün mənalarında əsl seçki məktəbi oldu. Qardaş Türkiyə möhtəşəm rəqabətli seçki prosesi, seçki mühiti ilə dostlarını sevindirdi, düşmənlərə isə öz demokratiya potensialını, gücünü göstərdi. Xüsusən də “Türkiyədə demokratiya yoxdur” iddiasını tirajlamaqla ortalığı qarışdırmağa və Türkiyənin imicinə kölgə salmağa çalışan Qərbə həqiqətən də dərs keçdi.
Ərdoğan onu “neo-Osmanizm”də, diktatorluqda, qeyri-demokratiklikdə ittiham edənlərə "Osmanlı tokatı" ilə Türkiyə demokratiyasını nümayiş etdirdi. Məlum oldu ki, həmişə öz demokratiyası ilə öyünən Qərbin də əslində Türkiyə demokratiyasından öyrənə biləcəyi çox şey var. Bu mənada, 14 may seçkiləri həqiqətən də mükəmməl demokratiya dərsi oldu.
Gördüyümüz kimi AKP iqtidarı çox mürəkkəb bir şəraitdə demokratik və şəffaf bir seçki prosesi təşkil edib. Nəticələrə əsasən deyə bilərik ki, Türkiyə bu cür demokratik seçki təşkil etməklə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu nümayiş etdirdi. Ərdoğanı diktatorluqda ittiham edən qaragüruhçular indi bilsinlər ki, əgər Ərdoğan iddia etdikləri kimi həqiqətən də diktator olsaydı, onda ötən gün biz bu ölkədə belə demokratik seçkilərə şahidlik edə bilməzdik. Odur ki, bədxahların uydurmalarına, qarayaxmalarına yox, real müşahidələrə əsaslanmalıyıq, inanmalıyıq.
Ərdoğanın da qeyd etdiyi kimi bu seçkilər tam sülh və əmin-amanlıq şəraitində keçdi və səsvermə prosesi Türkiyə demokratiyasına yaraşan şəkildə tamamlandı. Türkiyədə yaşayan soydaşlarımızdan biri sosial şəbəkədə yazdığı rəydə çox maraqlı bir təəssüratını qeyd etmişdi. Həmin azərbaycanlı yazmışdı ki, mən Türkiyədə hələ indiyə qədər bu cür qızğın, izdihamlı, dinamik seçki prosesi görməmişdim. Bu mənada, 14 may seçkilərinin həm qızğın ovqatda, həm də sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyənin demokratik yetkinliyinin ifadəsidir.
Bəli, Türk demokratiyası bu gün bir daha çox böyük bir sınaqdan üzüağ çıxdı. Ona görə də biz bu gün demokratiya naminə səs verən, daha güclü Türkiyə naminə seçki prosesində iştirak edən bütün türk qardaş və bacılarımızın bu nailiyyətinə ürəkdən sevinirik. Cənab Rəcəb Tayyib Ərdoğanı və Cümhur İttifaqını prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə təbrik edirik. Milli Həmrəylik Partiyası olaraq qardaş ölkəyə əminamanlıq və tərəqqi arzulayırıq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri