Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans mayın 17-də işini davam etdirib.
Newscenter.az xəbər verir ki, tədbirdə DQİDK, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), Gənclər və İdman İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, gənclər, eləcə də təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək, müxtəlif konfessiyalara xas olan ibadət yerlərinin təmir-tikintisinə dövlətin xüsusi diqqət göstərməsindən, hər il dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dini qurumlara maliyyə yardımı göstərilməsindən bəhs edib. S.Əhmədova ölkəmizdə konfessiyalararası dayanıqlı tolerant münasibətlərin daha da inkişaf etdirilməsi və dini maarifləndirmə işinin genişləndirilməsi baxımından regionlarda keçirilən bu kimi tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov təqdimatla çıxış edərək, dinin tərbiyəvi tərəflərinin, Vətənə, ailəyə sevgi, böyüklərə hörmət, saflıq, dürüstlük kimi milli-mənəvi dəyərlərimizə uyğun əxlaqi prinsiplərinin insanlara, xüsusilə gənc nəslə düzgün şəkildə çatdırılmasının önəmindən danışıb. Vurğulayıb ki, radikalizm, məzhəbçilik, xurafat, dini ayrı-seçkilik kimi mənfi hallara qarşı mübarizə məqsədilə əhalinin dini baxımdan maarifləndirilməsi istiqamətində tədbirlər paytaxtda və respublikamızın müxtəlif bölgələrində yerləşən təhsil ocaqları, hərbi hissələr, cəzaçəkmə və s. müəssisələrdə mütəmadi olaraq davam etdirilir. Dini müstəvidə baş verən proseslərə də toxunan sədr müavini G.İsmayılov Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə sadiq olduğunu, buna baxmayaraq, xaricdən yönəldilən mənfi təsirlərə, yad ideologiyalara, mövhumat elementlərindən təşkil olunmuş xarici dövlət-din münasibətləri modellərinin təbliğinə qarşı daim mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb. Komitə rəsmisi əlavə edib ki, Azərbaycanın istər Konstitusiyasında, istərsə də ictimai, mədəni, dini mühitində ayrı-seçkilik halları yoxdur. Hər-hansı məzhəbi, dini xüsusiləşdirmək, ondan sui-istifadə etmək, xurafata, mövhumata imkan yaratmaq bizim xalq olaraq milli kimliyimizə və dəyərlərimizə ziddir.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov ölkəmizdə hökm sürən tolerantlıq ənənələrindən bəhs edərək bildiriblər ki, Azərbaycanda etnik və dini baxımdan müxtəlifliyin olması insanlar arasında ayrı-seçkilik yaradan amil deyil, əksinə, xalqımıza məxsus multikulturalizm mühitinin əsasıdır.
Konfransın ikinci günü müzakirələrlə yekunlaşıb.
Mehman