"Rusiyanın Qarabağ məsələsinin asanlıqla həllinə imkan verəcəyinə inanmaq sadəlövhlük olardı. Gətirilən ermənilərə məxsus hərbi texnikanın kənardan və ya ərazidəki olduğu gerçəyinə fikir vermədən onları rus hərbçilərinin müşayət etməsinin özü Azərbaycana və sülh müqaviləsi üzərində çalışan Qərbə meydan oxumaqdır".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Rusiya sülhməramlılarının müşayəti ilə Qarabağa yenidən hərbi texnikaların daşınması barədə videogörüntülərin yayılmasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, bu, Rusiya rəsmilərinin bəyanatında da öz əksini tapdı və qeyd edildi ki, "9 noyabr" müqaviləsi və onun şərtlərindən kənar razılaşmalar əhəmiyyətsizdir:
"Bununla da Rusiya özünün də bu münaqişədə tərəf olduğunu göstərmiş oldu. Proseslər sülh müqaviləsi istiqamətində dərinləşdikcə Rusiyanın da İran kimi iç üzünün açılacağına əminəm. Rusiya hər yolla bu prosesə mane olacaq, əgər Ermənistanın sülh istiqamətində atdığı addımlar oyun deyilsə. Amma son nəticədə Ermənistanın Rusiyanın yanında olacağı şübhəsizdir"
Azər Qasımov qeyd edib ki, son nəticədə Rusiyanın nə deməsindən və etməsindən asılı olmayaraq atdığı addımlar Azərbaycanın Xankəndidə antiterror əməliyyatı keçirilməsini sürətləndirəcək.
Anar Əliyev