Bu günlərdə yenidən orta məktəblərdə dərslərin sentyabrın 15-i deyil, sovetlərin zamanında olduğu kimi 1-də başlamasının vacibliyi barədə fikirlər səsləndirilib. Sözügedən təşəbbüs hər zaman olduğu kimi bu dəfə də müxtəlif fikirlərin səslənməsinə gətirib çıxarıb. Bəs, görəsən ekspertlər bu barədə nə düşünür?
"Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva Newscenter.az-a bildirib ki, əsas zaman deyil, zaman çərçivəsində ortaya qoyulan nəticə önəmlidir və buna diqqət etmək lazımdır:
"Əgər orta ümumtəhsil müəssisələrində tədris yüksək səviyyədə olmasa, şagirdlərin bilik bacarıqları, tədrisin keyfiyyəti, onun göstəricilərində artım dinamikası baş verməsə, o halda dərslərin hansı tarixdə başlamasının heç bir anlamı yoxdur. Əsas diqqət mərkəzində məktəblərdə nizam intizamı artırmaq, tədrisin keyfiyyətini yüksəltmək olmalıdır. Əgər bunu edə biləcəyiksə, o zaman ölkədə təhsilin keyfiyyəti daha da artacaq və əldə edilən nəticələr hər birimiz üçün qürurlu olacaq".
Sevinc Mehdiyeva