İranın molla rejiminin Azərbaycanla münasibətləri normallaşdırmaq üçün yollar axtardığını deyirlər. Lakin bu fikirin ortaya atılması İranın hiyləgər diplomatik gediş etməsindən başqa bir şey deyil. Molla rejimi sadəcə sözdə gözə kül üfürməklə məşğuldur. Əməldə isə biz Tehranın Bakı ilə münasibətlərin normallaşması üçün yollar axtardığını görmürük.
Münasibətləri belə normallaşdırmazlar. İran tərəfi xoş məram nümayiş etdirməli, sözdən işə keçməli, nəsə real bir addım atmalı və Azərbaycanın gözləntilərini doğrultmağa, tələblərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir. Əli Əkbər Vilayəti, Əli Biqdeli kimi keçmiş diplomatların Azərbaycanla münasibətlərin normallaşdırılması barədə fikirləri sadəcə onların şəxsi fikirləridir. Onlar mövcud İran hakimiyyətini təmsil etmirlər.
Biz hansısa keçmiş diplomatdan açıqlama yox, məhz hazırkı İran rəhbərliyindən onların öz günahları üzündən iki ölkə arasında münasibətlərdə yaranmış gərginlik və problemlərin həlli istiqamətində real addımlar gözləyirik. Bu ölkənin vaxtilə Azərbaycanda və Türkiyədə səfiri olmuş, hazırda isə ekspert kimi fəaliyyət göstərən keçmiş diplomat Əli Biqdelinin Azərbaycanla İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankaranın vasitəçilik edə biləcəyi barədə səsləndirdiyi fikir isə indiki halda tamamilə reallıqdan uzaq fikirdir.
Molla rejimi Azərbaycanla münasibətləri yoluna qoymaq üçün vasitəçi axtarmazdan öncə, Ermənistanla münasibətləri daha da sıxlaşdırmaqdan, "Orta Dəhliz"ə, Zəngəzur dəhlizinə qarşı alternativ olaraq nəzərdə tutulan İran-Hindistan-Ermənistan-Gürcüstan-Avropa layihəsi kimi təxribatçı layihələrdən əl çəkməli, Ermənistanı Azərbaycana qarşı revanşist siyasətə sürükləməyə son qoymalı, fars mətbuatının ölkəmizə qarşı qərəzli təbliğat kampaniyası aparmasını, SEPAH-ın anti-Azərbaycan davranışlarını, çıxışlarını bir an öncə dayandırmalıdır. Və bütün bunlarla yanaşı, bu ilin əvvəlində Tehranda Azərbaycan səfirliyinə edilən hücumla bağlı istintaqın gedişi barədə Bakıya məlumat verilməlidir.
Bir sözlə, bu yaxınlarda Şuşada keçirilən konfransda Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan İranla münasibətləri normallaşdırmağa hazırdır, lakin bununçün ilk addımı biz yox, İran tərəfi atmalıdır. Çünki münasibətləri bu nöqtəyə gətirib çıxaran da məhz İrandır. Odur ki, bu gün molla rejimi keçmiş diplomatların ağzı ilə danışıb hansısa ismarıclar göndərməkdənsə, yubanmadan hərəkətə keçməli və Azərbaycana qarşı yol verdiyi səhvlərin nəticələrini aradan qaldırmağa başlamalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri