Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Litva arasındakı münasibətlər müsbət dinamika üzrə inkişaf edir

Azərbaycanla Litva arasındakı münasibətlər müsbət dinamika üzrə inkişaf edir


“Azərbaycanla Litva arasındakı münasibətlər sürətlə və müsbət dinamika üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda Litva Respublikasının Prezidenti Gitanas Nausedanın qarşılıqlı səfərləri, eyni zamanda Milli Məclisin sədrlərinin, ayrı-ayrı icra orqanlarının, nazirlərin səfərləri onu deməyə əsas verir ki, Litva ilə Azərbaycan arasında həm siyasi, həm mədəni, həm də iqtisadi əlaqələr günü-gündən inkişaf edir, möhkəmlənir. Bu əlaqələr xalqları, dövlətləri bir-birinə yaxınlaşdırır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat bildirib ki, mövcud geosiyasi şərtlər ölkələri bir-birinə daha da yaxınlaşdırıb: “Litva Avropa İttifaqının, eyni zamanda NATO-nun aktiv üzvlərindən biridir. Litva Avropa İttifaqının Azərbaycanda keçirilən tvinninq proqramı üzrə keçirdiyi əsas tenderlərin qalibidir. 17 layihənin icrası planlaşdırılıb. Bu layihələrdən 14-ü artıq həyata keçirilib. İki ölkə arasında eyni zamanda mədəni əlaqələr də inkişaf edir. 239 azərbaycanlı tələbə Litva ali məktəblərində təhsil alır. Litva və Azərbaycanın 4 şəhəri arasında qardaşlıq memorandumları imzalanıb. İki ölkə arasındakı münasibətlər tarixi köklərə malikdir. Litva Azərbaycan üçün Avropa İttifaqında Baltik ölkələri arasında starteji tərəfdaşlıq həyata keçirən bir ölkədir. Azərbaycan da öz növbəsində Litva üçün Cənubi Qafqazda kifayət qədər güclü iqtisadiyyata malik, Avropa İttifaqında enerji təhlükəsizliyində aktiv rol oynayan ölkədir. Bu mənada son illərin yaratdığı yeni geosiyasi şərtlər ölkələri bir-birinə daha da yaxınlaşdırıb”.

“Ukrayna-Rusiya böhranından sonra Şərqlə Qərbi birləşdirən nəqliyyat marşurutları artıq işləmir. Azərbaycandan keçən orta xərt marşrutu Şimali Avropaya, oradan Baltikyanı ölkələrə qədər uzanması Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ilə birlikdə yeni bir nəqliyyat marşurutunun keçməsini şərtləndirir. Digər tərəfdən, Litva Aİ üzvü olaraq bizə siyasi baxımdan da dostlarımızın sayının artmasına şərait yaradır. Bizim Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlıq müqavilələrimiz var. Bəzi Aİ ölkələrinin Azərbaycana mənfi meyllərinin olması baxımından İttifaqın daxilində bizim dostlarımızın sayının artması çox vacibdir. İndiki halda Fransa, Niderland, Lüksemburq kimi ölkəmiz əleyhinə saysız-hesabsız qərarlar çıxaran, ermənipərəst mövqeləri ilə seçilən dövlətlərə qarşı biz İttifaqın daxilində hüquqi çərçivədə addımlar atırıq. Bu mənada dostlarımızın sayı nə qədər çox olarsa, bizim üçün o qədər faydalı olar. Hər bir dövlət ilk növbədə öz təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Əgər təhlükəsizlik olmazsa, siyasi, mədəni, iqtisadi əlaqələr qura bilməyəcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı çoxşaxəli siyasət öz bəhrəsini verir. Bu, uzaqgörən, strateji cəhətdə əsaslandırılmış və gələcək onilliklərə, yüzilliklərə hesablanan bir siyasətdir”, - N.Məhəməliyev qeyd edib.

O vurğulayıb ki, Azərbaycan–Litva münasibətlərinin yaxşı perspektivləri var: “Litva ilə Azərbaycan arasında indiyə qədər 41 sənəd imzalanıb. Dünən isə yeni sənədlər paketi imzalandı. Bu sənədlərin imzalanması bir sıra sahələrdə münasibətlərin tənzimələnməsi və inkişafına yeni təkan verəcək. Hər iki ölkə başçısının Litva-Azərbaycan sahibkarlarının təşkil etdiyi biznes forumda iştirakı da biznes əlaqələrinin inkişafına, qarşılıqlı sərmayələrin qoyuluşuna müsbət təsir edəcək. Litva informasiya kommunikasiya texnologiyalarının ən yüksək səviyyədə tətbiq olunduğu ölkədir. Litva ali məktəbləri 16-cı əsrdə yaradılıb. Bu tarix özlüyündə hər şeyi deyir. Litvanın elmi potensialından kadrların hazırlanmasında istifadə edəcəyik. Bütün bunlar iki ölkənin əməkdaşlığının daha da sürətlənməsini şərtləndirir. Parlamentlərarası münasibətlər intensiv inkişaf edir. Bu gün Litva Parlamentinin sədr müavini, komitə sədrləri, nümayəndə heyəti Azərbaycandadır. Mayın 29-da bizim Litvaya səfərimiz nəzərdə tutulub. Bütün bunlar iki xalqı bir-birinə daha da yaxınlaşdırır, dövlətlərin inkişafını daha da sürətləndirir. Azərbaycan–Litva münasibətlərinin yaxşı perspektivləri var. Xalqlarımız bu əməkdaşlıqdan fayda görəcək”.
Xəbəri paylaş