Türkiyə şəxsən mənim üçün və milyonlarla Azərbaycan türkü üçün yad dövlət deyil, doğma, qardaş dövlətdir. Onun heç bir probleminə heç vaxt biganə olmadıq, sevincinə sevindik, acısına üzüldük. Zaman-zaman Türkiyə deyərək coşduq, bir səngərə girə bildik, bir yerdə dirəniş göstərə bildik. Bir millət iki dövlət formulu, bir olmaq, iri olmaq, diri olmaq, konfederasiya ideyası zaman-zaman dillər əzbəri olmuşdur.
Newscenter.az xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli səsləndirib. HƏP rəsmisi deyib ki, artıq dünyada gedən proseslər bizim bir millət, bir dövlət modelinə keçidimizi diktə edir:
"XXI əsrin tələbidir bu. Odur ki, Azərbaycan insanının Türkiyədəki seçkiyə marağını təbii qəbul etmək lazımdır. Hüquqi cəhətdən ayrı görünsək də mənən, ruhən vahidik, birik. Biz kimin necə düşünməsindən asılı olmayaraq danışacaq, fikir bildirəcək, gərəkirsə ələşdirəcəyik. Azərbaycanda mübarizə aparan qüvvələrə münasibətdə fərqliliklər təbiidir. Amma fikiri yasaqlamaq, başqa dövlətin daxili işlərinə qarışmayın çağırışları keçəsi deyil. Azərbaycan insanı tarixdən dərs alaraq Türkiyənin daha güclü olmasını arzulayır, ona çalışır".
Zəlimxan Məmmədli onu da deyib ki, Anadolu insanı bu durumdan yalnız məmnun olmalıdır:
"Çünki böyük Turanın anaxtarı Türkiyə-Azərbaycan birliyindən keçir. Bu həqiqəti unutmayacağıq. Zaman keçdikcə birlik tellərimizin daha da möhkəmlənməsindən qürur duyacağıq. Birliyimizi yadlar, yağılar, onunkular-bununkular istəməyə bilər. İnanıram ki, Türkiyə seçicisi 28 mayda bütün düşmənlərə layiqli cavabını verəcək. Cumhurittifaqı, Cumhuriyyətin 100 ilini qalib olaraq qeyd edəcək".
Anar Əliyev