“ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi müsbət addım olsa da, lakin seçkinin taleyinin məhz Oğanın səslərinin həll etməsinə dair iddialar kökündən yalnışdır”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, Sinan Oğan “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna dəstək versəydi belə, ikinci tur seçkilərində yenə də Ərdoğan qalb gələcəkdi:
“Çünki Sinan Oğanı dəstəkləyən elektorat millətçi kəsimdən ibarətdir. Həmin təbəqə də seçkilərin ilk turunda Oğanın prezident seçilməsi istəyi ilə ona səs vermişdilər. Sinan Oğan seçkilərin ikinci turunda CHP liderini seçib elektoratına Kamal Kılıçdaroğluna dəstək vermək çağırışı etsəydi belə, Oğanın tərəfdarları “Millət İttifaqı”nın namizədinə səs verməzdi. Çünki millətçilər üçün türk millətini, Türkiyə dövlətini Qərbə təhvil verməyə çalışan birisi qəbuledilməzdir. Xüsusilə də, Kılıçdaroğlunun rəhbərlik etdiyi ittifaqın PKK-nın siyasi qanadı olan HDP ilə işbirliyi millətçilər tərəfindən qəbul edilməzdi. Ona görə də Sinan Oğan seçkilərin ikinci turunda CHP liderinin tərəfində olsa belə, millətçilər Kılıçdaroğluna səs verməyəckdi”.
Analitik Qrupdan o da qeyd edilib ki, seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyi şübhəsizdir.
Anar Əliyev