"Rusiya-Ukrayna müharibəsi, özünün ən kritik dövrünə qədəm qoyur. Hansı ki, bir neçə gün əvvəl Ukraynaya aid partizan dəstələrinin, Rusiya ərazisinə keçərək Belqorod vilayətinə daxil bir neçə rayon və kəndləri ələ keçirdilər. Bu hadisə Rusiyanın nəbzini test etmək üçün ola bilər".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, müharibənin Rusiya ərazisinə daşınması prosesi gözlənilən idi:
"Çünki artıq Rusiyanın gücü istər hərbi sahədə, istərsə də iqtisadi baxımdan əvvəlkindən xeyli dərəcədə aşağı düşüb. Misal olaraq Rusiyanın ən böyük gəlir gətirən "Qazprom" şirkətinin xalis gəlirlərinin 40 faiz aşağı düşməsini nəzərə alsaq, ölkənin iqtisadi baxımdan digər sahələrində olan vəziyyət özünü daha aydın şəkildə göstərməkdədir və bura tətbiq edilən sanksiyaları da əlavə edərsək, ölkənin iqtisadi durumunu anlamamaq üçün heç bir səbəb qalmır. Bunların hamısı müharibədən qaynaqlanır və savaş meydanında vəziyyət, ölkənin iqtisadi göstəricilərindən daha da ağır durumdadır".
Çingiz Şahbazi bildirib ki, 200 mindən artıq canlı qüvvəsini və çox böyük həcmdə hərbi texnikasını itirən Rusiyanın ərazilərinə müharibənin daşınması və hərbi hücumların təşkil olunması, Ukrayna və müttəfiqləri üçün vazkeçilməz fürsət hesab oluna bilər:
"Rus ordusunun rəhbərliyində zaman-zaman baş verən fikir ayrılıqları və aqressiv davranışları da nəzərə alsaq, görərik ki, ordunun döyüş hazırlığı qənaətbəxş deyil və silah sursat ehtiyatları da tükənmək üzrədir. Bunların üzərinə, NATO ölkələrinin Ukrayna ordusuna yeni silahların verilməsi üzərində danışıqlar prosesində əldə olunan razılıqları da əlavə etsək, görərik ki, Rusiya və Ukrayna müharibəsinin ən qorxunc dövrünə keçilməsinə çox az vaxt qalır. Bu qorxunc dövrdə Rusiyanın nə edəcəyi bəlli deyil. Medvedevin dediyi "Ukrayna fəlakət yaşayacaq" cümləsi reallığı əks etdirə bilər".
Anar Əliyev