Ukrayna tərəfi rəsmi şəkildə Rusiya qarşı əks hücuma keçdiyini bəyan edib. Ötən gün rəsmi Kiyevin yaydığı məlum xəbərdən sonra Baxmut istiqamətində döyüşlər bir qədər də ağır xarakter alıb. Ancaq görünən odur ki, hələlik Ukraynanın əks hücum əməliyyatı o qədər də ciddi effekt vermir. Elə hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Ədalət Verdiyev bildirib ki, Ukrayna qoşunlarının yaz əks hücum kampaniyası ləngiyir. Onun sözlərinə görə, uğurlu əks hücum üçün ilk növbədə Ukrayna tərəfi çətin bir vəzifə yerinə yetirilməlidir:
"Rusiyanın havada və dənizdə üstünlüklərini minimallaşdırmaq vacibdir. Bu məqsədlə ilk növbədə təmas xəttinin operativ dərinliyində yerləşən Rusiya aerodromları, maddi texniki təminat bazaları və idarəetmə məntəqələri sıradan çıxarılmalıdır. Dənizdəki raket daşıyan rus gəmilərinin yaratdığı təhdidlərə qarşı tədbirlər də görülməlidir".
Ədalət Verdiyev deyib ki, havada üstünlük əldə etmədən və yuxarıda göstərilən tədbirləri həyata keçirmədən əks hücumun başlanması və Ukrayna ordusunun rusların müdafiə zolağının dərinliyinə nüfuz etməsi həm çətin olacaq, həm də gözlənilən mümkün döyüş itkilərini artıracaq.
Anar Əliyev