Mayın 27-də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhəllənin təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.
Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.
Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.
Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.
Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Sonra Azərbaycan Prezidenti hərbi hospitalda yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.
Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otoronolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.
Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.
Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.
Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.
Anar TAGIYEV