Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və İsrail Dövlətinin birinci xanımı Mixal Hersoq Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.
Newscenter.az-ın xəbərinə görə, ziyarət zamanı kompleks və Qala kəndinin qədim tarixi barədə məlumat verilib.
Bildirilib ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksinin ərazisində ölkəmizə, xüsusilə də Qala kəndinə və Abşeron yarımadasına xas arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub.
Muzey kompleksində qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilkin görkəmində olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olunan əşyalar daha çox diqqət çəkir.
Qonağa Azərbaycanın ənənəvi sənət növləri olan dulusçuluq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, keçmişdə Qala kəndində bir sıra sənət sahələri inkişaf edib. Bu ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.
Kompleksdəki toy evi diqqəti xüsusilə cəlb edib. Xalça və döşəklərlə bəzədilmiş bu geniş otağın hər iki tərəfində qapının olması evin havasının təmizliyinə və sərinliyinə imkan yaradır.
Muzey kompleksindəki tacir evi haqqında məlumat verilərkən bildirilib ki, bu ev kəndin ilk ikimərtəbəli evlərindən biridir. Burada çörəkçilik adət-ənənəsi ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, Qala kəndinin sakinləri qədim zamanlardan heyvandarlıqla da məşğul olublar. Qala kəndində taxılçılığın çox geniş inkişaf etdiyi barədə məlumat verilib, əl dəyirmanı vasitəsilə unun hazırlanması prosesi nümayiş olunub.
“Tullantıdan sənətə” muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, bu mədəniyyət ocağı 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılıb. Burada nümayiş olunan əsərlər insanların lazımsız hesab etdikləri tullantılardan hazırlanıb. Muzeydə müxtəlif ölkələrdən Azərbaycana dəvət olunmuş sənətkarlar tərəfindən tullantılardan yaradılmış əsərlər sərgilənir.
Komplekslə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İsrailin birinci xanımı Mixal Hersoq çay süfrəsi arxasında söhbət etdilər.
Mehman Mehdiyev