İyun ayının 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşü baş tutacaq. Bir çoxları görüşdə Fransa və Almaniya liderlərinin də iştirakını danışıqlarda balansın pozulması kimi dəyərləndirir və hesab edirlər ki, Kişinyov görüşündə Azərbaycana qarşı hansısa təzyiq göstərilə bilər. Ancaq politoloq Samir Hümbətov bunu ustisna edir.
Newscenter.az-a verdiyi açıqlamada Samir Hümbətov deyib ki, sözügedən döyüşdə Azərbaycana qarşı hansısa təzyiqin olacağı və balansın pozulacağını düşünmür:
“Əslində bu günə qədər əldə edilmiş razılaşmaların böyük əksəriyyəti məhz Qərbdə keçirilən toplantılarda qəbul edilmiş qərarlardır. Həmin qərarların icrası az-çox nəticə verib. Bu baxımdan düşünürəm ki, indiki məqamda Kişinyov sammiti çərçivəsində keçiriləcək görüşdə Avropa liderləri maksimum dərəcədə balansı qorumaqla tərəflərin görüşünün keçirilməsinə çalışacaqlar”.
Samir Hümbətov hesab edir ki, həm Şarl Mişel, həm də Almaniya kansleri Olaf Şolts Azərbaycanla münasibətlərə xələl gətirməmək baxımından sözügedən görüşdə balansı qorumağa çalışacaqlar:
“Düşünmürəm ki, həmin görüşdə Azərbaycana qarşı hansısa təzyiq elementi olar. Əksinə Azərbaycanın əli güclüdür. Rəsmi Bakı 5 baza prinsipini irəli sürüb. Eyni zamanda Azərbaycan Laçın dəhlizində Nəzarət Buraxılış Məntəqəsini qurub və artıq öz sərhədlərini mühafizə edir. Azərbaycan güclü tərəfdir. Ona görə də hesab edirəm ki, Kişinyov görüşündə danışıqlar predmeti yalnız sülh müqaviləsinə gedən yol istiqamətində ola bilər. Əks təqdirdə bu Ermənistanln ziyanına ola bilər”.