Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Brüssel və Vaşinqtonun vasitəçilik səylərinə qarşı çıxır -ÖZƏL

Rusiya Brüssel və Vaşinqtonun vasitəçilik səylərinə qarşı çıxır


“İkinci Qarabağ Müharibəsi nəticəsində böyük itki ilə üzləşib məğlub olan Ermənistanın yeni axtarışlara başladığı müşahidə edilir. Hazırkı vəziyyətdə isə həm hərb, həm də diplomatik cəbhədə, danışıqlar masası arxasında Azərbaycanın taktiki üstünlüyü var”.

Bu fikirləri Newscenter.az-a araşdırmaçı, siyasi analitik Güldeniz Genctürk səsləndirib. Azərbaycan və Ermənistan liderlərinin son Moskva görüşünü şərh edən analitik deyib ki, söhbət ikitərəfli münasibətlərdən getsə də, əslində danışıqlar masasında “vasitəçi” rolu ilə aktyor mövqeyi sərgiləyən Rusiya var:

“Rusiya 2020-ci il, noyabr ayının 10-da onun vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyannaməyə istinad edərək Brüssel və Vaşinqtonun vasitəçilik səylərinə daim qarşı çıxır. O, sərhədlərin müəyyənləşdirilməsində Sovetlərin zamanında Baş Qərargahın xəritələrinin əsas götürülməsini və oradan davam etdirilməsini istəyir. Bu, ərazi bütövlüyünü birbaşa poza biləcək bir təklifdir. Olduqca təhlükəlidir. Digər tərəfdən, Rusiya Laçın yolunda və Zəngəzur dəhlizində rus əsgərlərinin mövqelərinin artırılmasını istəyir. Burada başa düşürük ki, Rusiya bu prosesdə Ermənistandan peyk dövlət kimi istifadəni davam etdirmək istəyir. Bir tərəfdən öz ərazisində Azərbaycana qarşı “müharibəsiz” üstünlük əldə etməyə çalışır. Ona görə də Rusiya bu məsələnin həllini istəmir. İki ölkə arasındakı problemləri öz xeyrinə alət kimi istifadə etməyə davam etmək üçün onları həll etməkdənsə, təxirə salır”.

Güldeniz Gençtürk deyib ki, digər region ölkəsi İranın münasibəti də prosesi daha da aqressivləşdirir:

“Ermənistana silah dəstəyini hələ də davam etdirir və onu gizli manipulyasiya edir. Türkiyə və Azərbaycanın İranı diplomatik danışıqlara cəlb etmək təkliflərini Tehranın birbaşa rədd etməsi onların sülh tərəfdarı olmadıqlarını açıq şəkildə ortaya qoyur”.

Anaılitik onu da deyib ki, bütün bunları dəyərləndirərkən ötən illərə nisbətən tərəflər arasında razılaşma daha yaxındır:

“2022-ci ildə danışıqlar prosesindən sonra irəliləyiş əldə olunub. İkinci Qarabağ müharibəsini əvvəldən axıra kimi Gəncə şəhərində cəbhə xəttinin arxasında çalışmışam. Orada baş verənləri yaşadım. Düşünmürəm ki, hər iki ölkə yenidən münaqişə mühiti istəsin. İqtisadi, hərbi və insan itkiləri bu gün artıq seçim hesab edilmir. Bəlkə də Azərbaycan və Ermənistan dövlətləri tək qalsaydı, həll yolu daha yaxın olardı. Ancaq Rusiyanın anti-səmimi rəftarları və müstəqilliyə dolayı müdaxiləsi, İranın təxribatçı davranışları münaqişəni gərginləşdirir və onları həll yolundan yayındırır. Hesab edirəm ki, Rusiyanın münasibəti nəticənin formalaşmasında daha təsirli olacaq. Ancaq danışıqlar bir müddət sülhlə nəticələnməyəcək”.

Anar Əliyev
Xəbəri paylaş