Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcazəsiz tikilən evlərə görə tətbiq ediləcək cərimələr problemi həll edəcəkmi?

İcazəsiz tikilən evlərə görə tətbiq ediləcək cərimələr problemi həll edəcəkmi?


Dünən, Milli Məclisin keçirilən iclasında müzakirəyə çıxarılan və qəbul edilən dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı hüquqşünas Vüqar Dadaşpv deyib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək:

"Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə də cərimə tətbiq ediləcək.
Layihəyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 manatdan 25 min manatadək cərimə ediləcək".

Hüquqşünas hesab edir ki, qəbul edilmiş dəyişiliklər tikinti sahəsində şahidi olduğumuz və illərlə davam edən özbaşınalıq və eləcə də qanunsuz yığım, rüşvətin qarşısını almaq üçün mühüm bazadır. Ancaq, İcazəsiz tikilən evlərə görə tətbiq ediləcək cərimələr ümumi məsələni həll etməyəcək:

"Əvvəla qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən 300-600 manatadək cərimə olunurdu və bu tənbeh növü faktiki olaraq çox az halda tətbiq edilib və nə tikintidə özbaşnalığı, nə də qanunsuz pul yığımının qarşısını almayıb. Qəbul olunmuş dəyişikliklərə əsasən yeni cərimələrin də tətbiqinin nə mənası var ki, əksinə qəbul edilmiş yeni dəyişiliklər qanunsuz pul yığımına, koorupsiyaya şərait yaradacaq.
Əslində isə məsələnin həlli tamamilə başqadır. Bildiyimiz kimi, təkcə Bakı və Abşeron rayonu ərazisində 500 mindən çox, ölkə üzrə isə ümumilikdə 1000000-a (bir milyon) yaxın sənədsiz evlər var. Bu qədər tikiliyə sənədin olmaması və qanunsuz hesab edilməsi səbəb və əsası həmin tikililərin "kənd təsərüfat təyinatlı torpaqlarda", neft, qaz, su, elektrik, avtomagistral xətlərinin mühafizə zonalarında tikilməsidir. Və qüvvədə olan qanunvericiliyə əsasən həmin tikililər qanunsuzdur və müvafiq mülkiyyət sənədi verilə bilməz.
Nəzərə alsaq artıq Azərbaycan əhalisinin sayı 7000000 (yeddi milyon) yox, 10000000-dan (on milyon) çoxdur, onda hələ SSRİ dövründə müəyyən edilmiş torpaq sahələrinin təyinatını dəyişdirilməsi zərirətdir. Məsələnin həlli Nazirlər Kabinetinin müvafiq qərarı ilə kənd təsərrüfatı torpaqlarının təyinatının müvafiq yaşayış təyinatına dəyişdirilməsi və genişləndirilməsi məsələni köklü şəkildə həll edə bilər. Və İcra hakimiyyətlərinin qazanc mənbəyinin əsası olmuş "kənd təsərrüfatı təyinatı" bıhanəsi aradan qalxar. Mühafizə zonalarındakı yaşayış evlərin, sakinlərin köçürülməsi məsələsi də yenə də Nazirlər Kabinetindən asılı məsələdir. Odur ki, İcazəsiz tikilən evlərə görə tətbiq ediləcək cərimələr məsələni həll etməyəcək, əksinə problemi daha da dərinləşdirəcək".

Anar Əliyev
Xəbəri paylaş