Sabah Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda yenidən bir araya gələcəyi bildirilir. Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə Azərbaycan və Ermənistan liderlərinin görüşü üçtərəfli formatda deyil, beşli çərçivədə baş tutacaq. Belə ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla bərabər, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da iştirak edəcək. Bir qayda olaraq Fransa rəhbəri pozuculuq missiyası həyata keçirdiyi üçün Kişinyov görüşündə də Makronun erməni maraqlarından çıxış edəcəyi danılmazdır. Bəs, görəsən bu baxımdan Kişinyov görüşü Azərbaycan üçün nə dərəcədə çətin olacaq?
Newscenter.az-ın xəbərinə görə, “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı hesab edir ki, Kişinyov görüşü ilk baxışda danışıqlar prosesində balansın pozulması kimi görünsə də, lakin istənilən halda hansısa balansın pozulması Azərbaycanı öz mövqeyindən yayındıra bilməz:
“Digər tərəfdən Azərbaycanın çox güclü, zəngin, dərin diplomatik təcrübəyə malik prezidenti var. Dövlət başçımız istənilən situasiyalarda Azərbaycanın mövqeyini qəti şəkildə müdafiə etməyə, hər bir görüşdən qalib ayrılmağa qadir olan bir prezidentdir. Ona görə də hər hansı bir formatda keçirilən görüşlərdən Azərbaycan heç vaxt ehtiyyat etməyibə və bundan sonra da ehtiyyat etməyəcək. Çünki Azərbaycanın işi haqq işidir, haqq mübarizəsidir”.
Arzuman Muradlı ancaq bütün halda indiyə qədər keçirilən görüşlər kimi Kişinyov görüşünün də Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi bir təsir göstərməyəcəyi qənaətindədir. İctimai Birlik sədri “Sülh müqaviləsinin imzalanmasının yeganə yolu Ermənistanı sülhə məcbur etməkdir” deyə, vurğulayıb.
Anar Əliyev