"Regionda sabitliyin, təhlükəsizliyin və dayanıqlı inkişafın bərqarar olması üçün qalıcı sülhün əldə edilməsi vacib şərtdir. İkinci Qarabağ Müharibəsinin bitməsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan rəhbərliyinin uzlaşmaz siyasi ritorikası səbəbindən tərəflər arasında gərginlik davam edir. Lakin mövcud situasiyanın bu tempdə seyr edilməsinin səbəbkarı kimi təkcə Paşinyan hakimiyyətini günahlandırmaq olmaz. Bu işdə Rusiya faktoru da vacib mövqeydə dayanır və Kreml rəhbərliyi Bakı ilə İrəvan arasında münasibətlərin gərginləşməsində katalizator kimi çıxış edir".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə son günlər artan erməni təxribatlarına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Moskva görüşündən sonra Paşinyanın yaxın günlərdə yenidən Rusiyaya səfərinin gözlənilməsi ona işarədir ki, Rusiya Ermənistan üzərində öz təsir gücünü bərpa edir, Azərbaycanla danışıqlar prosesində Ermənistanın üzərində öz dominantlığını artırmaqı hədəfləyir:
"Avropa İttifaqı missiyası fonunda Qərbdən gözlədiyini ala bilməyən Paşinyan Azərbaycan qarşısında tab gətirmək üçün yenidən Moskvanın çətiri altına sığınır. Digər tərəfdən Türkiyədə keçirilən Prezident seçkilərində Ərdoğan və komandasının qalib gəlməsi Rusiyanı regional siyasətində daha intensiv manevrlər etməyə sövq edir. Bilindiyi kimi Ankara son dövrlər Cənubi Qafqaz və Orta Asiya regionlarında siyasi, hərbi varlığını artırır və bu regionlar uzun illər Rusiyanın nüfuz dairəsində olduğu üçün Kreml prosesi əvvəlki vəziyyətinə qaytarmaq üçün cəhdlər edir. Lakin Bakı və Ankaranın Türk Dövlətləri Təşkilatı adı altında yeni bir güc mərkəzini inşa etməsi Rusiyanı bu regionlarda əvvəlki kimi aktiv oyunçu olmaq rolundan məhrum edib".
Anar Əliyev