Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov: Azərbaycan “yaşıl enerji” ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir”

Pərviz Şahbazov: Azərbaycan “yaşıl enerji” ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir”


Energetika naziri Pərviz Şahbazov 28-ci “Bakı Enerji Forumu”nda salamlama nitqi ilə çıxış edib. Çıxışda enerji müstəqilliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin neft strategiyası ilə həyata vəsiqə almış bu beynəlxalq enerji əməkdaşlıq platformasının Azərbaycanın enerji nailiyyətlərinin tarixi salnaməsinə çevrilməsindən bəhs edilib.

Newscenter.az-ın xəbərinə görə, hazırda təhlükəsiz, sabit enerji təchizatı mənbə və marşrutlarının diversifikasiyasına, xüsusilə “yaşıl enerji”nin inkişafına əsaslanan yeni qlobal enerji landşaftının formalaşdığını vurğulayan nazir deyib ki, ölkəmiz bu yeni mərhələyə regional və Avropa miqyasında enerji təhlükəsizliyindəki strateji mövqeyini möhkəmləndirəcək təşəbbüslərlə daxil olur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” layihəsində iştirak, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və tədarükü ilə bağlı layihələrimiz bunun bariz göstəricilərdir.

Əlavə qaz tədarükü üçün infrastrukturların ötürücülük gücünün artırılmasının, bu məqsədlə tərəfdaş ölkələrin əlaqələndirilmiş fəaliyyətinin, qəti və aydın mövqeyinin zəruriliyi vurğulanıb. “Bizim mövqeyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəqiq şəkildə ifadə edilib. Bu isə ondan ibarətdir ki, biz layihələri təkcə kommersiya deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırırıq. Xəzərin bütün növ enerji resurslarının işlənilməsi və dünya bazarlarına çıxarılması hər zaman paralel həyata keçirilib. Azərbaycan məhz özü hər zaman enerji marşrutları layihələrinin əsas lokomotivi olub və enerji siyasətimizin bu dəyişməz xətti bu gün də aktualdır”, deyə nazir əlavə edib.

Abşeron, Qarabağ, Ümid (Mərhələ II), Babək, Azəri-Çıraq-Günəşli Dərin Qaz və “yaşıl enerji” layihələri əlavə qazı təmin edəcək mühüm mənbələr kimi qeyd olunub. 2026-cı ilin sonuna istismara verilməsi planlaşdırılan 1800 MVt gücündə külək və günəş elektrik stansiyaları hesabına 1 milyard kubmetrdən çox qaza qənaət ediləcəyi bildirilib. 2030-cu ildə daha 5 QVt yaşıl istehsal güclərinin istifadəyə veriləcəyi və bu həcmlərin ilkin mərhələdə 4 QVt-nın Qara dəniz vasitəsilə Avropaya, 1 QVt-nın isə Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Nazir deyib ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpa olunan enerjinin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensialı əsasında ölkəmiz bu gün “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir: “Hazırda “Masdar”, “ACWA Power”, bp və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və qətiyyəti bu növbəti böyük enerji missiyasının həyata keçirilməsində bizim strateji bələdçimizdir.”

Nazir “Enerji keçidi dövründə yeni enerji nizamı” mövzusunda müzakirələrdə də iştirak edib.


Natiq Orucov
Xəbəri paylaş