"Dünən iyunun 1-də Kişinyovda Avropa sammiti keçirildi və Avropa Siyasi İcmasının 47 dövlət və hökumət başçısının və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə keçirilən sammiti Moldovanın qərbyönümlü prezidenti Mayya Sandu açıb. Sammit çərçivəsində gözlənilən Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinin davam etdirilməsi məqsədilə keçirilən görüşə, əvvəlcədən məlumat verildiyi kimi Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılıb. Qeyri-rəsmi görüşə vasitəçilik edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin jurnalistlərə verdiyi açıqlamasında görüş haqqında nikbin olduqlarını vurğulayaraq bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması üzərində tərəflər intensiv çalışırlar və bu formatda görüşü yaxın vaxtlarda Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısında davam etdirmək tövsiyyə olunub. Bütün bunlar iyulun 21-də yenidən Brüsseldə keçiriləcək növbəti görüş üçün hazırlıq məqsədi daşıyır".
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Kişinyov gorüşündən daha bir detal yeni olaraq qeyd edilir. Bu Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyasının 1975-il xəritələri əsasında aparılmasıdır:
"Bu Azərbaycanın ərazi bütövlüyünün 86,6 min kv.km sahədə tanınması və Ermənistanın isə 29,8 min kv.km sahədə tanınması deməkdir. Doğrudur, deyildiyi kimi Kişinyov sammiti çərçivəsində baş tutan Ermənistan və Azərbaycan hökumət başçılarının növbəti görüşündən sülh sazişini çıxarmaq mümkün olmadı, amma görüş geriyə dönməmək üçün mühüm əhəmiyyət kəsb edən məsələləri ələ aldı. Əgər 1975-il xəritələri iki ölkə arasında delimitasiya üçün əsas götürülərsə, Qazaxın 7 kəndi, Kərki və həmçinin mübahisələrə səbəb olan Qaragöl geri veriləcək".
Anar Əliyev