“Orta ümumtəhsil müəssisələrinin yaxınlığında heç bir ticarət obyekti, market, digər iaşə obyekti olmamalıdır. Əksi baş verəndə həm məktəb idarəçiliyi pozulur, həm də çagirdin təlim-tərbiyəsi”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, orta ümumtəhsil müəssisəsinin yaxınlığında market, köşk və digər bu kimi satış nöqtələrinin olması istər-istəməz şagirddə pis vərdişlərə, siqaret, energetik içkilərə aludəçilik yaradır:
“Sovet dövrünün müəyyən müsbət tərəfləri də vardır ki, bu da məktəblinin yalnız ümumtəhsil müəssisəsi daxilində qidalanmasından ibarət idi. Məktəb daxilində mövcud olan bufetlərə şagirdləri qarşılayaca biləcək qədər qida və içəcək gətirilirdi. Bu da məktəblinin kənardan nəsə almasına ehtiyac yaratmırdı. İndi həm məktəb bufetləri istənilən səviyyədə deyil, həm də məktəb yaxınlığında istənilən iaşə obyekti və ticarət mərkəzi fəaliyyət göstərir ki, bu da şagirdlərin tənəffüs zamanı həmin yerlərə baş çəkməsi və nəticə etibarilə pis vərdişlərə qurşanmasına gətirib çıxarır”.
İctimai Birlik sədri hesab edir ki, müvafiq qurumlar bu məqama diqqət yetirməlidirlər.
Arzu Abdulova