Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, eləcə də Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi və Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedralarının ümumilikdə 13 müəlliminin iştirakı ilə sahəvi sorğu və monitorinqlərin ilkin mərhələsi başa çatıb.
Newscenter.az xəbər verir ki, 17 aprel 2023-cü il tarixində başlayan sorğu və monitorinqlər 12 may 2023-cü il tarixində başa çatıb.
AzTU ilə 16 şəhər və rayon icra hakimiyyətləri arasında həyata keçirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində ilkin təhlillər aparılıb, mövcud təcrübələr öyrənilib, qarşı tərəflə işçi qaydada görüşlər keçirilib və ətraflı müzakirələr aparılıb.
Tədqiqatın aparılmasında tələb olunan sorğular əhalinin demoqrafik göstəriciləri, mövcud ictimai nəqliyyat şəbəkəsinin əhalinin tələbatına uyğunluq dərəcəsi, hərəkətin təhlükəsizlik səviyyəsinin əhalini qane edib-etməməsi, parklama və taksi duracaqları haqqında problemlərin müəyyən olunması, ərazidə yaşayan əhalinin ictimai nəqliyyat vasitələrinə əlçatanlığı, nəqliyyatdan istifadənin rahatlığı və şəxsi nəqliyyat vasitələri haqqında məlumatların öyrənilməsinə yönəldilib.
Bu çərçivədə aparılan monitorinqlər isə yol ayrıclarında avtomobillərin intensivliyini və dayanacaqlarda avtobuslardan istifadə edən sərnişinlərin sayının qeydiyyatının aparılması məqsədi daşıyır.
Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin şəhərlərinin ərazisinin genişlənməsi və əhalisinin sayının artması nəticəsində üzləşdiyi çətinliklərin həllində şəhər mobillik planları mühüm rol oynayır.
Sözügedən planlar əlçatanlığı yaxşılaşdırmaq, tıxacları azaltmaq, ictimai nəqliyyatı təşviq etmək və sakinlərin ümumi hərəkətliliyini artırmaq üçün strategiya və tədbirləri müəyyən edir.
Bu məqsədlə hazırlanan “Hərəkət (Mobillik) Planları” nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai nəqliyyat xidmətlərinin təşkili üzrə kompleks sxemin və nəqliyyat infrastrukturunun, həmçinin yol hərəkətinin kompleks təşkili sxeminin hazırlanmasını özündə ehtiva edir.
Ümumilikdə dünya təcrübəsinə nəzərə yetirdikdə universitetlərin, xüsusilə ixtisaslaşmış profesosr-müəllim heyətinin məsləhətçi qismində cəlb edilməklə şəhər hərəkətliliyi planlarının hazırlanmasında iştirakının müsbət nəticələri olur.
Bu faydalara məsləhət xidməti və elmi əsaslandırma (tədqiqat), fənlərarası yanaşma (burada şəhər hərəkətliliyi planları infrastruktur, torpaqdan istifadə, davranış nümunələri və ətraf mühitə təsirlər daxil olmaqla, nəqliyyat sistemlərinə təsir edən kompleks amillərin hərtərəfli başa düşülməsini tələb edir), verilənlərin (məlumatların) toplanması və təhlili (sorğu və monitorinqlər), maraqlı tərəflərin cəlb edilməsi, xüsusilə ictimaiyyətin iştirakı, pilot layihələr və layihələri genişləndirmək imkanları (universitetlər innovativ mobillik həllərini araşdırmaq və qiymətləndirmək məqsədi daşıyan pilot layihələr və nümayişlər üçün sınaq meydançası kimi xidmət edir) daxildir.
Son illərdə aparılan islahatlarda, xüsusilə layihə yanaşması və düşüncəsinin yüksəldilməsini əsas götürən AzTU-da sözügedən işlər layihələrin idarə olunması yolu ilə Logistika və Nəqliyyat İnstitutu və Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin birgə təşkilatçılğı ilə həyata keçirilir.
R.Mehdiyeva