Jurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, şəhidin vaxtilə təhsil aldığı Binəqədi rayonu şəhid Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə baş tutan mərasimdə məktəbin müəllim və şagird kollektivi, M.İbrahimovun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra məktəbin şagirdləri M.İbrahimovun həyat və yaradıcılığı haqqında məlumat verib, xatirəsinə şeirlər söyləyiblər, vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Məktəbin İbtidai siniflər üzrə direktor müavini Kəmalə Hacıyeva çıxışında bildirib ki, təhsil ocağının rəhbərliyi şəhid məzununun xatirəsini daim əziz tutur: "Şəhid jurnalistin xatirəsinə bir sıra silsilə tədbirlər keçiririk. Məktəbimizin siniflərindən birinə Məhərrəmin adı verilib".
Tədbirdə çıxış edən şəhid jurnalistin qardaşı Əsgər İbrahimov məktəb rəhbərliyi və kollektivinə belə tədbirlərin keçirilməsinə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.