“Bu bir həqiqətdir ki, paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxu narkotik aludəçisidir. Belə şəxslərin taksi fəaliyyəti ilə məşğul olması təkcə özləri üçün, insanlar üçün də təhlükəlidir. Ona görə də taksi şirkətləri sürücüləri işə götürərkən onları narkoloji testdən keçirməlidirlər”.
Bu fikirlər Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyindən daxil olub. Qurumdan bildirilib ki, bu kimi neqativ hallar cəmiyyətdə ümumilikdə taksi şirkətləri və ya onların sürücüləri barədə mənfi rəy formalaşdırır:
“Ona görə də taksi şirkətləri sürücü işə götürərkən onları mütləq narkoloji testdən keçirməlidirlər. Həmçinin, taksi sürücülərinin psixoloji testdən keçirilməsi də olduqca vacibdir”.
İctimai Birlikdən o da bildirilib ki, günümüzdə valideynlər bəzi hallarda övladlarını taksi xidmətindən istifadə edərək dərsə, yaxud repititor yanına göndərir:
“Hər hansı bir taksi sürücüsünün psixoloji pozğunluğu, avtomobili yol hərəkəti qaydalarına uyğun olmayaraq sürməsi uşaqda stresslər, əsəb gərginliyi yarada bilər. Ona görə də şirkətlər mütləq bunlara diqqət yetirməlidir”
Arzu Abdulova