Gənclər dövlətin hər zaman diqqət mərkəzində olan təbəqədir. Müntəzəm olaraq dövlət başçısı tərəfindən gənclərlə bağlı imzalanan fərman və sərəncamlar onların potensialının üzə çıxarılmasına, gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan yaradır. Elə "International Law Centre" Beynəlxalq Hüquq Mərkəzinin təsisçisi və rəhbəri Əli İbrahimov da bu qənaətdədir. Mərkəz rəhbəri Newscenter.az-a bildirib ki, müasir Azərbaycanın simasını yeniləşən və modernləşən cəmiyyət təşkil edir:
“Bu şəraitdə gələcək məfhumunun simvolu olan gəncliyin fəal olması zəruri və cəmiyyətdəki inkişafın davamlı olmasının əsas şərtidir. Yeni düşüncə tərzinə malik, təşəbbüskar, savadlı və bacarıqlı, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq gənclər Azərbaycanın qarşısında duran çağırışlara tutarlı cavab verməli və müasir dövrün nailiyyətlərini saxlamaqla yanaşı gələcək uğurlara imza atmalıdır”.
Əli İbrahimov deyir ki, məhz bu gənclər Azərbaycanda yeni vətəndaş simasını formallaşdıraraq, müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır.
Anar TAGIYEV