Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsində İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komitəsində İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib


İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İndoneziyanın “Nahdlatul Ulama” qeyri-hökumət təşkilatının nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində təşkilatın idarə heyətinin rəhbər şəxsləri, İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid yer alıblar.

Newscenter.az xəbər verir ki, görüş Azərbaycanın din siyasəti ilə tanışlıq, eləcə də tolerantlıq, dini müxtəliflik və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.

DQİDK sədri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək İndoneziyanın Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq təşkilatlarda pislənilməsi və ərazi bütövlüyümüzün müdafiəsi ilə bağlı qəbul edilən sənədləri hər zaman dəstəklədiyini söyləyib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərilməsi istiqamətində görülən işləri qeyd edərək, eyni zamanda torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi gedişində ölkəmizin ədalətli mövqeyinin müdafiə olunduğunu vurğulayıb.

Daha sonra qonaqlara Azərbaycanın nümunəvi dövlət-din modeli, dinə dövlət qayğısı, habelə dinlərarası və mədəniyyətlərarası dialoqun təbliği istiqamətində görülən işlər barədə məlumat verilib.

Komitə sədri bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin davamı olaraq, Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Prezident cənab İlham Əliyev müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Komitə sədri, həmçinin DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitunun yaradıldığını və bu uzaqgörən addımların ölkəmizdə dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri əksər müsəlman ölkələrinin müvafiq qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. M.Qurbanlı, eyni zamanda radikalizmə qarşı mübarizə sahəsində görülən işlərə toxunaraq, bu istiqamətdə maaarifləndirici tədbirlərlə yanaşı, yüzlərlə kitabın nəşr edildiyini, sənədli film və videoçarxların çəkildiyini, o cümlədən televiziya verilişlərinin hazırlandığını diqqətə çatdırıb.

Təşkilatın idarə heyətinin sədr müavini Zulfa Mustofa təmsil etdiyi qurum haqqında məlumat verərək onun 100 milyona yaxın üzvünün olduğunu, dünyanın ən böyük İslam təşkilatı hesab edildiyini bildirib. Qonaq, həmçinin Azərbaycanın öz təklif və təşəbbüsləri ilə ümumbəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verdiyini vurğulayıb. Azərbaycanın müvafiq sahədə fəaliyyətini yüksək qiymətləndirərək, bu təcrübənin öyrənilməsinin və qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş