Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan danışıqları qəsdən dalana dirəyir

Ermənistan danışıqları qəsdən dalana dirəyir


Azərbaycan ictimaiyyəti Ermənistanın rəhbər şəxslərinin tez-tez qeyri-adekvat və əsassız açıqlamalarla çıxış etməsinə öyrəşib. Sərhədlərin delimitasiyası prosesini indiyə qədər müxtəlif bəhanələrlə yubadan Ermənistan tərəfinin indi də məhz 1975-ci il xəritəsinə istinad edilməsini təkid etməsi həqiqətən də absurddur. Sözsüz ki, burada ənənəvi erməni hiyləgərliyi də özünü göstərməkdədir.

Məsələ burasındadır ki, digər xəritələrdən fərqli olaraq sözügedən xəritədə anklavlar öz əksini tapmayıb. Bu da müəyyən mənada Ermənistanın maraqlarına cavab verir. Rəsmi İrəvanın bütün canfəşanlığı da ilk növbədə bundan qaynaqlanır. Eyni zamanda İrəvan bundan istifadə edərək danışıqları qəsdən dalana dirəyir.

Lakin İrəvanın bəhanələri, süni maneələri heç bir nəticə verməyəcək. Çünki delimitasiya prosesi yalnız bir tərəfin istəkləri əsasında aparıla bilməz. Odur ki, Ermənistan delimitasiya prosesində 1975-ci il xəritələrinə istinad edilməsini istəsə də, Azərbaycan tərəfi isə haqlı olaraq bütün hüquqi əhəmiyyətə malik sənədlərin, xəritələrin nəzərdən keçirilməsini tələb edir. Və bu prosesdə diktə etmək haqqı olan tərəf də yalnız Azərbaycandır.

Mayın 28-də Laçına səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev də bu rayondan olan sakinlərlə görüşdə çıxış edərkən sərhədlərin delimitasiyasının bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında aparılmalı olduğunu xüsusilə qeyd etdi. Ermənistan tərəfi sərhədlərin delimitasiya olunmasını birtərəfli qaydada illərlə yubada bilməz. Ona görə də Ermənistan rəhbərliyi xəritə spekulyasiyası ilə məşğul olmağa dərhal son qoymalıdır və prosesi süni surətdə yubatmaq əvəzinə, delimitasiya işinə başlamaq üçün real addımlar atmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş