"Dövlət başçısı seçiləndən sonra ilk olaraq qarşılıqlı qardaş ölkəyə səfər etmək ənənələrinə uyğun olaraq R.T.Ərdoğanın Azərbaycana dövlət səfərinə gəlməsi iki ölkənin qardaşlıq münasibətlərinin bariz nümunəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, çətin keçən həlledici seçkidən qalib çıxan R.T.Ərdoğanın Azərbaycana səfər etməsi ölkəmizin Türkiyə üçün əhəmiyyıtinin və diqqətinin göstəricisidir:
"Səfər istər ölkələrimiz, istərsə də region və dünya üçün gərgin və həlledici bir dövrdə baş tutur. Hər iki ölkənin regional və beynəlxalq əhəmiyyətinin artdığı, onların da söz sahibi olduğu bir dövrdə reallaşır. Dünyanın iri dövlətlərinin regionumuzdakı problemlərlə ciddi şəkildə məşğul olduğu bir dövrdə istər siyasi, istərsə də iqtisadi maraqların prioritet təşkil etdiyi proseslər Azərbaycan və Türkiyənin əhəmiyyətini ortaya çıxarır".
Politoloq hesab edir ki, bu səfər iki ölkənin gələcək planlarının müzakirəsi baxımından əhəmiyyətli olacaq:
"Seçkilərlə əlaqəli nisbətən arxa plana keçən vacib məsələlərin yenidən ələ alınması mütləq olacaq, xüsusən də, Qarabağ və ətrafında davam edən proseslərdə Türkiyənin aktiv iştirakı məsələsi".
Anar Əliyev