Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 15 İyun –Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Newscenter-az xəbər verir ki, tədbirdə Azərbaycanın Misirdəki Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Misir parlamentinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri, nüfuzlu elm xadimləri, jurnalistlər və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində təhsil alan tələbələr iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov açıb. Ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayan cəmiyyət sədri xatırladıb ki, 15 iyun tarixi xalqın israrlı təkidi ilə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçildiyi gündür və bu əlamətdar gün ölkəmizdə və dünyada geniş qeyd edilir. Bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilmiş Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxışında xatırladıb ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. Buna nümunə olaraq Misir və Azərbaycan milli komandaları arasında kikboksinq üzrə yoldaşlıq görüşünün təşkil edildiyini söyləyib. Azərbaycanın xaosdan, vətəndaş müharibəsindən xilas olması naminə çox qətiyyətli addımlar atan Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında müxtəlif dillərdə, o cümlədən ərəb dilində yüzlərlə kitabın yazıldığını bildirib. Dahi şəxsiyyətin ərəb və müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi, Misirlə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin əsasını qoyduğu, Afrika qitəsinə ilk rəsmi səfərini 1994-cü ildə məhz Misirdən başladığını diqqətə çatdırıb. Əlavə edib ki, misirli investorlara ölkəmizin bütün sahələrinə sərmayə qoymaq üçün yaxşı şərait yaradılıb.
Tədbir iştirakçılarını salamlayan DİDK Aparat rəhbəri Daşqın Rəcəbli bayram münasibətilə soydaşlarımızı təbrik edib. Komitənin fəaliyyət istiqamətlərinə, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənləri ilə bağlılıqlarının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrə diqqəti cəlb edib. Müasir dövrümüzdə xalq diplomatiyasının əhəmiyyətindən danışarkən, bu yolun həm də dillərin mənimsənilməsindən keçdiyini vurğulayan Aparat rəhbəri misirli tələbələrin Azərbaycan dilinə böyük rəğbət göstərlməsini, universitetlərdə Ana dilimizin tədris olunmasını tədirəlayiq hal adlandırıb və Misirdəki Azərbaycan diasporunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. “Azərbaycan dili dərsliyinin ərəblər üçün ilk dəfə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin misirli tələbəsi tərəfindən hazırlanması da qürurvericidir”.
Dünya azərbaycanlıları tərəfindən müxtəlif ölkələrdə Heydər Əliyevə həsr olunmuş tədbirlərin təşkil olunduğunu qeyd edən Aparat rəhbəri Misirdə də silsilə tədbirlərin davamı olaraq Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən müsabiqələrin keçiriləcəyini bildirib. Komitənin dəstəyi ilə 5 nəfər müsabiqə qalibinin Azərbaycana səfərinin təşkilinin nəzərdə tutulduğunu söyləyib.
Misirli millət vəkili Adil Amir xalqlarımızın dost olduqlarını, iki xalq arasında bu əlaqələrin inkişafına Misir-Azərbaycan Dostluq Cəmiyyətinin böyük töhfələr verdiyini, ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlıq əlaqələrin daha da gücləndirilməsinin önəmini vurğulayıb. Misirin Qalyubiyyə vilayətində Misir-Azərbaycan Dostluq Parkının salınmasını, bu parkda ümummilli liderin abidəsinin ucaldılmasını, əhalinin bu parkı mütəmadi olaraq ziyarət etməsini bu münasibətlərin bariz nümunəsi adlandırıb.
Tədbirin sonunda Seymur Nəsirov qeyd edib ki, yaxın gələcəkdə cəmiyyət nəzdində hər iki ölkənin iş adamlarına dəstək məqsədilə yeni bölüm açılacaq.
Sualların cavablandırılması ilə yekunlaşan tədbir ərəb mediasında geniş şəkildə işıqlandırılıb.
Newscenter-az