İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkənin bundan sonrakı birgə addımlarını müəyyən etməsi baxımından mühüm hadisə oldu.
Azərbaycan Prezidenti İlham Əliyev səfərlə əlaqədar verdiyi bəyanatında bildirdi ki, Türkiyədə seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır.
Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı qeyd etdi ki, bu, tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması isə rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoydu.
Prezident İlham Əliyev xatırlatdı ki, əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Dövlət başçımız bəyan etdi ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcək və onlardan 6-sı artıq keçirilib.
Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi barədə danışan dövlət başçımız qeyd etdi ki, ticarət dövriyyəmiz sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq. Birgə həyata keçirəcəyimiz layihələr, xüsusilə enerji sahəsindəki layihələr bunu təmin edəcək. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələrimiz mövcuddur.
Prezident İlham Əliyev onu da bəyan etdi ki, indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq.
Zəngəzur dəhlizinin də açılması qaçılmazdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar yaradacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Dövlət başçımız bir mühüm məsələni də diqqətə çatdırdı ki, artıq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələnin də öz həllini tapması bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə verəcəkdir.
Ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da önəmli mesajları oldu. Qardaş ölkənin Prezidenti bildirdi ki, Türkiyədə baş vermiş zəlzələdə Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü. Cənab Ərdoğan qeyd etdi ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.
Jalə Əhmədova-Milli Məclisin deputatı