Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq iyunun 17-i Azərbaycan Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Tibb sektoru həmişə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuş, istər Ümummilli Liderin, istərsə də cənab İlham Əliyevin fəaliyyətində səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində olmuş və olmaqdadır. Xüsusən Azərbaycanın Birinci vitse-prezidenti, sektorun problemlərini dərindən bilən Mehriban xanım Əliyevanın bu sahənin inkişafını daim şəxsi nəzarətində saxlaması, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açmaqdadır.
Bildiyiniz kimi, Azərbaycanın zəngin tibb ənənələri var, xüsusən son bir əsrdə xalqımız dünya səhiyyəsinə akademik Zərifə Əliyeva, professor Əziz Əliyev, akademik Mustafa Topçubaşov, akademik Mirməmməd Cavadzadə, akademik Abdulla Qarayev, akademik Ədilə Namazova, tibb elmləri doktoru Sona Vəlixanlı kimi böyük alimlər bəxş etmişdir. Cəmiyyətimizdə də hər zaman həkim adına hörmətlə yanaşılıb, bu peşə sahibləri həmişə böyük ehtiram görüb.
Pandemiya dövrü və 44 günlük haqq savaşımızda tibb işçilərimiz misilsiz rəşadət göstərərək ən yüksək ada, ən xoş münasibətə layiq olduqlarını nümayiş etdirmişlər.
Böyük fəxrlə qeyd edə bilərik ki, bu mürəkkəb periodda həkim andına sədaqəti, vətənə və dövlətə bağlılığı ilə ön sırada dayananlar sırasında Biləsuvar rayonunun tibb işçiləri də olmuşdur. Bu mənada, başda öz seçicilərimiz olan tibb işçiləri, o cümlədən Vətən müharibəsi Qəhrəmanımız Orxan Əkbərovun anası doktor Sevil xanım Abdullazadə olmaqla, tibb sektorunda çalışan hər bir soydaşımızı peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində, şəxsi həyatlarında bol-bol uğurlar diləyirəm.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı