"Molla rejimi Ermənistanı müdafiə etmək və Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq üçün mümkün bütün variantlardan istifadə edir. Ötən il Qafanda konsulluq açmaqla olası hərbi əməliyyatlar fonunda konsulluğun müdafiəsini təmin etmək bəhanəsi ilə Ermənistana qoşun yeritməyi planlayan fars rejimi, indi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur koridorunun reallaşmasına yeganə əngəl İrandır deməsinə cavab olaraq öz ərazisindən keçməklə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək yol təklifi səsləndirib. Hətta biraz da irəli gedərək yolun çəkilməsini öz üzərinədə götürüb".
Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Ərdoğanın məlum çıxışı İranın regionda mənfi rolunun təsdiqi oldu:
"Rəsmi Tehran da "İran yolu" layihəsini ortaya atmaqla açıq şəkildə Zəngəzur koridorunun reallaşmasına imkan vermək niyyətində olmadığını ifadə etmiş oldu. Tehran rəhbərliyi Orta Dəhlizin komponenti və Türk yolu kimi xarakterizə olunan koridorun öz ərazisindən keçməsinə nail olmaqla Türk dövlətlərinin əlaqəsində və Orta Dəhliz üzərində təsir imkanları qazanmağı planlayır. Təbii ki, Azərbaycan və Türkiyə İranın əsl niyyətinin fərqindədir və Tehranın regional proseslərdə region dövləti olaraq öz maraqlarını diqtə etməyə çalışmasını yaxşı başa düşür".
AVP rəsmisi deyib ki, fars dövlətinin təklifindən fərqli olaraq Azərbaycanın üçtərəfli bəyanata əsaslanaraq məlum koridoru açması üçün hüquqi bazası mövcuddur və baş verə biləcək istənilən situasiyanı əsaslandırmaq imkanlarını əlində saxlayır.
Anar Əliyev