Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məmurlar bilməlidir ki, vətəndaşa xidmət etmək onun birbaşa vəzifə borcudur

Məmurlar bilməlidir ki, vətəndaşa xidmət etmək onun birbaşa vəzifə borcudur


Bu gün kifayət qədər həssas olan bir mövzuya, vətəndaş-məmur münasibətləri ilə bağlı məsələyə fikir bildirməyi özümə borc bildim. Çünki vətəndaş qəbulu zamanı səsləndirilən şikayətlərdən biri də məmurların vətəndaşlara qarşı diqqətsizliyi, kobud şəkildə desəm saymamazlığıdır.

Ölkəmizdə məmur - vətəndaş münasibətlərinin, vətəndaşlara xidmətin hansı səviyyədə olduğunu düşünərkən ilk ağlıma gələn "ASAN xidmət" mərkəzləri olur. Çünki "ASAN xidmət" mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir. Bu rəqəm aparılmış araşdırmaların nəticəsidir. Araşdırmalara istinad etməsək belə, hər hansı bir sənədləşmə məsələsi ilə bağlı "ASAN xidmət" mərkəzlərində olarkən bizim hər birimiz bunun şahidi olmuşuq.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılan "ASAN xidmət" mərkəzləri öz mükəmməl və nümunəvi fəaliyyəti ilə Azərbaycan brendi adını şərəflə daşıyır.

"ASAN xidmət"in əməkdaşlarının vətəndaşlara qarşı diqqəti, nəzakətli davranışı vətəndaşlarla işləyən digər sahələrin əməkdaşları üçün örnək olmalıdır. Hansı vəzifəni daşımasından asılı olmayaraq lazım gələrsə vətəndaşı maarifləndirməli, gərəkirsə izah etməli, istiqamətləndirməlidir. Müraciət edən şəxsə başdansovdu cavab verməklə işini bitmiş hesab edən məmurlar bilməlidir ki, vətəndaşa xidmət etmək onun birbaşa vəzifə borcudur!

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş